"Hazırda "Qəbələ” "Qarabağ”la çempionluq mübarizəsi aparır. Heç bir komanda da xal itirmək istəmir. Ancaq biz hər oyuna ciddi hazırlaşırıq və xal üçün çıxırıq. İndi elə durumdayıq ki, heç nəyi dəyişə bilmirik. Amma qalan oyunlarımızın hamısından maksimum xal toplamaq istəyirik. Son turda "Qəbələ”yə qarşı da xal qazandığımıza görə şadam. Vurduğum qol əsl vaxtında gəldi. Şadam ki, son dəqiqədə qol vurdum və komandamız bir xal qazandı”.
Bu sözləri Sportnet.az-a açıqlamasında AZAL-ın futbolçusu Nuqzar Kvirtiya deyib.
"Qəbələ” ilə görüşdə son dəqiqə qolu ilə AZAL-a bir xal qazandıran Kvirtiya fikirlərinə bu cür davam edib: "Cari mövsüm "Qəbələ”dən iki xal almağı bacarmışıq. Əgər "Qarabağ” "Zirə”ni məğlub etsəydi, "Qəbələ” üçün onlara çatmaq çətin olardı. Amma mübarizə davam edir”.
"Bu tsikldə milli çox yaxşı oynayır. Ümidvaram ki, Almaniyaya qarşı da yaxşı mübarizə aparacaqlar. Üstəlik tribunalar dolu olacaq və Azərbaycan millisinə dəstək olacaq. Bu matça gedəcəm və Azərbaycan millisinə dəstək olacam” – deyə, Nuqzar Kvirtiya fikirlərini yekunlaşdırıb.