"Qol buraxmadan qalib gəlmək bizi razı salacaq. "Qarabağ”ın güclü komanda olduğunu çox yaxşı anlayırıq. Bu görüşdə çox çətin olacaq. Amma mümkünsüz heç nə yoxdur”.
Bunu Sportnet.az-a açıqlamasında "Neftçi”nin yarımmüdafiəçisi Murad Ağayev "Qarabağ"la martın 30-da keçirəcəkləri Azərbaycan Kubokunun ilk yarımfinal matçı barədə danışarkən deyib. Ağayevin sözlərinə görə, bu görüş Ağdam təmsilçisi üçün də asan olmayacaq: "Qarabağ”lı oyunçuların yorğun olacaqlarına inanmıram. Çünki millinin düşərgəsindən qayıdandan sonra bərpa üçün bir neçə gün var idi. Heyətimizdə Namik Ələsgərovla Ruslan Abışov meydana çıxmayacaq. İtkilər hər zaman xoşagəlməzdir. Amma onları əvəzləyəcək oyunçular var. Yəni, "Qarabağ”ı kubokdan kənarlaşdırmağımız sensasiya sayılmamalıdır. Çünki yaxşı komandamız var. Bizim üçün necə çətindirsə, "Qarabağ” üçün də "Neftçi”yə qarşı oynamaq çətin olacaq”.
Qeyd edək ki, "Neftçi" və "Qarabağ" arasındakı ilk oyun sabah "Bakcell Arena"da keçiriləcək. Oyun saat 19:30-da başlanacaq.