Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, baş tutan hər iki matçda qonaqlar iki top fərqi ilə qalib gəliblər.
Əvvəlcə "İnter” paytaxtda "Qəbələ”ni qəbul edib. Görüşdə hesabı 15-ci dəqiqədə qonaqlar açıblar. Xorvatiyalı Daniel Subotiç penaltini qola çevirib. Lakin meydan sahibləri 3 dəqiqə sonra Adrian Skarlatakenin zərbəsi ilə matçda tarazılıq yaradıb. Buna rəğmən, Qəbələ təmsilçisi 48-ci dəqiqədə yenidən önə keçib. Yenə Subotiç adını tabloya yazdırıb. Görüşdə son nöqtəni Filip Ozobiç qoyub. Qonaqların digər xorvatiyalı futbolçusu Filip Ozobiç penaltidən fərqlənib.
"Qarabağ” isə "Neftçi”ni məğlub edib. Meydan sahiblərinin 80 illik yubileyi ilə bağlı təşkil edilən tədbirlərə təsadüf edən matçda Azərbaycan kubokunun son qalibi olan "Qarabağ” ilk hissədə əcnəbi futbolçularının vurduğu qollarla qələbə qazanıb – 2:0. Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın heyətində Muarem Muaremlə Dino Ndlovu fərqləniblər.
Qeyd edək ki, Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri aprelin 5-də keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
30 mart (cümə axşamı)
17:00 "İnter” – "Qəbələ” - 1:3
Qol: Adrian Skarlatake, 18 - Daniel Subotiç, 15-p.; 48. Filip Ozobiç, 88
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
"İnter Arena”
19:30 "Neftçi” – "Qarabağ” - 0:2
Qol: Muarem Muarem, 13. Dino Ndlovu, 29
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
"Bakcell Arena”