"Sumqayıt"ın kapitanı Vurğun Hüseynovun Sportnet.az-a müsahibəsi
- "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının son tur matçında qələbə qazansanız da, 6-cı yerlə kifayətlənməli oldunuz...
- Oyuna yalnız qələbə üçün çıxmışdıq. Buna da nail olduq. 5-ci yeri tutmaq təkcə özümüzdən asılı deyildi. Düşünürdük ki, "Kəpəz" "İnter"lə ev oyununda xal itirəcək. Amma olmadı. Hər halda əsas məsələ öz oyunumuzu sərgiləmək idi. Meydana çıxdıq və qələbə qazandıq.
- Müqavilənizi uzatmısınız. Bu barədə nə deyə bilərsiniz?
- Rəhbərlik mənə yeni müqavilə təklif etdi. Mən də razılaşdım və anlaşmamı uzatdım. Açığı, digər klublardan təklif yox idi. Burada xoşbəxtəm.
- Yeni müqavilənin şərtləri əvvəlkindən fərqlənirdi?
- Bir qədər fərqlənir. Təbii ki, müsbət mənada. Mövsüm ərzində çəkdiyim əziyyəti dəyərləndirdiyi üçün rəhbərliyə minnətdaram.
- Çempionatı 6-cı pillədə bitirməyiniz qaneedici oldu?
- Mövsümə başlayanda heç kəs bizdən yüksək nəticə gözləmirdi. Nəinki 6-cı, hətta sonuncu yeri tutacağımızı düşünənlər var idi. Biz isə bunun əksini ortaya qoyduq. Elə oyunlarda xallar itirdik ki, bunlar baş verməsəydi, Avropa Liqasına da vəsiqə qazana bilərdik. "Zirə" ilə ev oyunumuzda 90+3-cü dəqiqədə penaltidən qol buraxdıq. Yəni, minimum 5-ci yeri tuta bilərdik. Təəssüf ki, olmadı. Belə səhvlərdən nəticə çıxararaq, gələcəkdə müsbət mənada dəyişikliklər edəcəyimizə inanıram.
- Doğulduğun və ilk dəfə təmsil etdiyin rayonun "Turan Tovuz" komandası I Divizionda qalib oldu. Bu klubun Premyer Liqada oynamaq imkanlarını necə dəyərləndirirsən?
- Sizin vasitənizlə "Turan Tovuz"u çempionluq münasibətilə təbrik edirəm. Premyer Liqada oynamaq üçün ilk növbədə vəsait, büdcə lazımdır. Düşünürəm ki, Tovuz cameəsi böyükdür və imkanlı şəxslərdən biri ortaya çıxaraq, komandanın elitada oynamasını təmin edəcək. Tovuz Premyer Liqada təmsil olunmağa layiqdir. Çünki komandanın I Diviziondakı oyunlarına 5-6 min azarkeş gəlir. Düşünürəm ki, "Turan Tovuz" Premyer Liqaya gəlsə, rəngarəng çempionata şahidlik edə bilərik.
- Nə vaxtsa özünü Tovuz klubunda görürsən?
- "Sumqayıt"la daha bir illik müqavilə bağlamışam. Gələcəyi bilmək olmaz. Tovuz mənim doğma rayonumdur. Gələcəkdə təklif olarsa, niyə də yox?!