Fəaliyyətini dayandıran AZAL klubunun futbolçusu Rəşad Abdullayevin Sportnet.az-a müsahibəsi
- AZAL-ın dağılması xəbərini necə qarşıladın?
- Gözlənilməz qərar oldu. O cür komandanın dağılmasını heç istəməzdim. İnfrastrukturu, bazası olan klub idi. Qərardan məyus oldum. Belə bir komandanı itirmək yaxşı olmadı.
- Maaşlarınızı aldınız?
- "Zirə" ilə son oyunumuzdan sonra bizə deyildi ki, aprel ayının da maaşları veriləcək. Bugünkü qərarın ardından yəqin ki, zəng edib daha dəqiq bir söz deyərlər. Gözləyirik.
- AZAL-ın bazası keçmiş klubun "Zirə"nin istifadəsinə verilib...
- Düzü, bundan xəbərim yox idi. Yəqin ki, AZAL-da maddi sıxıntılar olub. Ona görə də belə qərar veriblər. Söhbətin içində olmadığım üçün heç nədən xəbərim yoxdur. "Zirə" də Azərbaycana lazımlı komandadır. Bazası olmadığı üçün belə bir şərait yaradıblar ki, qarşıdakı mövsümə orada hazırlaşsınlar.
- Bəs özün futbolçu karyeranla bağlı nə düşünürsən?
- Karyeramı bitirmək istəyirəm. AZAL-a da o məqsədlə oynamağa getmişdim ki, futbolçulara dəstək olum. Komandanın vəziyyəti yaxşı deyildi, bu durumdan çıxarmaq istəyirdik. Məşqçilər heyəti ilə də danışmışdım ki, mövsümün sonunda komandada qalaraq, karyeramı başqa sahədə davam etdirim. Bu gün AZAL-ın fəaliyyətini dayandırmasına qərar verildiyindən, digər variantları götür-qoy edəcəyəm.
- Artıq demək olarmı ki, futbolçu kimi fəaliyyət göstərməyəcəksən?
- Düzü, ötən mövsüm də oynamaq istəmirdim. Amma evdə oturanda darıxdım. Fikirləşdim ki, bir az da oynaya bilərəm. Yenə də daha bir il oynaya bilərəm. Özümdə o gücsüzlüyü hiss eləmirəm. Amma istəyirəm ki, yaxşı gedim. O yaşdayam ki, yavaş-yavaş başqa işə başlamaq istəyirəm. Hər şeyi gələcək göstərəcək. Planlarım AZAL-la bağlı idi. Demişdilər ki, vəziyyət yaxşılaşmalıdır, komanda Premyer Liqada qalacaq və maddi durum düzələcək. Amma olmadı. Artıq karyeramı başa vurduğumu yaza bilərsiniz. Ötən dəfə AZAL-dan təklif gəldi, gedib oynadım. Amma bu dəfə belə bir fikrim yoxdur. Yüz faiz qurtarmaq istəyirəm. Sadəcə, karyeramı bitirdiyim klubda qalıb işləmək niyyətində idim. Elə oldu ki, AZAL fəaliyyətini dayandırdı. Gələcəkdə harada məqsədəuyğun olsa, orada çalışacağam.
- Karyeran ərzində "Xəzər Universiteti", "Xəzər Lənkəran" və "Neftçi"də daha çox çıxış etmisən. İlk 2 klub artıq Premyer Liqada deyil. Bu mənada karyeranı "Neftçi"də başa vurmağın mümkün deyildi?
- "Neftçi" ilə də danışığım olmuşdu. Hətta doğum günüm münasibətilə film də çəkmişdilər. Orada da karyeramı bitirəcəyimi demişdim. Sevdiyim klublar çox olub. Hansı komandadan təklif olsa, orada işləyəcəyəm.
- Futbolçu karyeranı başa vurduqdan sonra hansı işdə çalışmaq sənə daha uyğundur?
- Biz futbol adamlarıyıq. Şəxsən mən 20 ildir futboldayam. Bunun 16 ili peşəkar futbolçu kimi keçib. Sahəmiz budur da... Hansı vəzifədə uyğun bilərlərsə, orada da işləyərəm. Hələ özüm qərar verməmişəm. AZAL-da olarkən, mütəxəssislərlə məsləhətləşərək, gələcək iş yerimi müəyyənləşdirəcəyimi düşünürdüm. Amma bundan sonra hansı işi məsləhət görsələr, orada çalışacağam. Eyni zamanda savadımı da artıracağam.
- Məşqçi kateqoriyan var?
- C kateqoriyam var. B-ni də oxuyacaqdım. AZAL-a gedərkən, bu məsələni də klub rəhbərliyi ilə danışmışdım. Çempionat yekunlaşdıqdan sonra oxumağa başlayacaqdım. Elə oldu ki, bugünkü vəziyyət yarandı. Gərək indi hər şeyi özüm edəm. Özüm istənilən vaxt kateqoriya üçün kursa gedə bilərdim. Amma istəyirdim ki, hansısa klubun adından oxuyum.
- Tərlan Əhmədovdan köməkçi-məşqçi kimi çalışmaq təklifini gözləyirsən?
- Tərlan müəllimin öz köməkçiləri var. AZAL-da olarkən, uşaq futbolu, yoxsa əsas komandada məşqçi kimi çalışacağımı dəqiqləşdirməmişdim. Mənə dəstək oldular, futbol oynadım. Amma oynamaqdan çox futbolun içində olmaq üçün AZAL-a keçmişdim. Oynadığımı oynamışam, həminki Rəşaddan çox uzağam. Təcrübəmlə gənclərə kömək etmək, habelə, gələcəkdə hansı işdə faydalı olacağımı müəyyənləşdirmək üçün bu komandaya gəlmişdim. Dəvət etsələr, yəqin ki, gedib işləyərəm.