Ermənistanın paytaxtı İrəvanda "Artsax" adlı yeni futbol klubu yaradılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan açıqlama verib. O bildirib ki, yeni klub gələn mövsümdən Ermənistan çempionatının I Liqasında çıxış edəcək. Komandanın baş məşqçisi Tiqran Yosayan olacaq. Hazırda onun rəhbərliyi altında komanda formalaşdırılır. Eyni zamanda "Artsax"ın emblem və himni üzərində iş gedir. Qalan təfərrüatlar iyulda müəyyənləşəcək. Bu barədə klubun təqdimatında açıqlama veriləcək.
"Artsax" Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmasa da, qondarma Dağlıq Qarabağ Respublikasını təmsil və təbliğ edəcəyi şübhəsizdir. Yosayan Xankəndidə yaradılan və hazırda qondarma qurumun "çempionat"ında çıxış edən "Lernain Artsax"ın 2005-ci ildə futbolçusu olub. Həmin vaxt "Lernain Artsax" Ermənistan çempionatında oynamaq istəsə də, Azərbaycan tərəfinin kəskin etirazından sonra UEFA buna icazə verməyib.
Yeni qurulan kluba qarşı isə hələlik AFFA tərəfdən heç bir reaksiya verilməyib.
Digər tərəfdən, 1990-cə ildə Ermənistanın işğalı altında olan Xocavənd rayonunda "Alaşkert" adlı klub da yaradılıb. Bu klub 1992-ci ildən Ermənistan çempionatında çıxış edir və ev oyunlarını İrəvandakı "Nairi" stadionunda keçirir. "Alaşkert" ardıcıl ikinci mövsüm Ermənistan çempionu olub.
Qeyd edək ki, bugünlərdə Rusiyanın paytaxtı Moskvada "Ararat" adlı klub yaradılıb. Ötənlərin məşhur futbolçusu Roman Pavlyuçenkonu heyətinə cəlb edən klub 2017-2018 mövsümündən Rusiyanın II Divizionunda çıxış edəcək.