Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Türkiyənin "Bursaspor” komandasının sükanı arxasına keçəcəyinə dair iddialara münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, 48 yaşlı xorvatiyalı mütəxəssis "Sportske Novosti” nəşrinə açıqlamasında bildirib ki, "Bursaspor” rəsmiləri ilə 3 ay əvvəl təmasda olub, lakin hazırda bu məsələ ilə bğlı heç bir yenilik yoxdur: "Son 20 gün ərzində milli komanda ilə birgə olmuşam, Bakıda və Avstriyada təlim-məşq toplanışı keçmişik. Şimali İrlandiya yığmasına qarşı şənbə günü keçirəcəyimiz böyük və vacib oyuna hazırlaşırıq”.
R.Prosineçki bütün fikrini mayın 10-da 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Şimali İrlandiya yığmasına qarşı keçirəcəkləri oyuna yönəltdiyini söyləyib: "Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuna qədər müqaviləm var. Böyük iş görmüşük. Mən gələn zaman yığma FİFA reytinqində 132-ci pillədə qərarlaşmışdı. Hazırda isə 76-cı sıradadır. Bütünlüklə qarşıdakı oyuna köklənmişəm. Qələbə bizi ikinci pilləyə yüksəldə bilər. Oyuna konsenrtasiyamıza heç nə mane olmasa, bunu bacararıq”.
Qeyd edək ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsində C qrupunda yer alan Azərbaycan yığması 5 turdan sonra 7 xalla 4-cü pillədə qərarlaşıb. İyunun 10-da qəbul edəcəyi Şimali İrlandiya yığmasına uduzacağı halda, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektivin qrupdan çıxma şansı ciddi şəkildə azalacaq. Çünki hazırda 2-ci pillədə olan britaniyalıların 10 xalı var.