"Məşq yükləmələri nəticəsində yaranmış yorğunluq fonunda oynadıq. Bəzi futbolçular yorğun görünürdülər".
Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışında "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Gürcüstanlı mütəxəssis məğlubiyyətin səbəbini belə izah edib: "Birinci dəqiqədə qolu rəqibə hədiyyə etdik. Sonra irəliyə can atdıq, qol vəziyyətləri yaratdıq, lakin hesabı bərabərləşdirə bilmədik. İkinci hissədə digər futbolçulara da şans verdik".
Toplanış çərçivəsində daha bir oyun keçirəcəklərini deyən Svanadze hazırlıqları davam etdirərək çatışmayanlar üzərində işləyəcəklərini vurğulayıb.