
"Qəbələ"nin Bolqarıstan "Ludoqorets"i ilə Avstriyadakı yoxlama matçında iki komandanın futbolçuları arasında insident baş verib. Sportnet.az-ın məlumatına görə, hadisə 45-ci dəqiqədə yaşanıb.
Həmin vaxt meydanda top uğrunda mübarizə zamanı oyunçular bir-biri ilə kəllə-kəlləyə gəliblər. Bu zaman işə "Ludoqorets"in baş məşqçisi Georgi Dermenciyev qarışmalı olub. O, "Qəbələ"nin kapitan sarğısını daşıyan Asif Məmmədovla çəkişən Jonatan Kafunu hadisə yerindən uzaqlaşdırıb. Həmin vaxt "Ludoqorets" 1:0 hesabı ilə öndə olub.
Görüş isə Bolqarıstan çempionlarının qələbəsi ilə yekunlaşıb - 2:0.