Türkiyənin "Qalatasaray” klubu fransalı futbolçu Bafetimbi Qomislə müqavilə bağlayıb.
Sportnet.az-ın İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı Seneqal əsilli hücum ilə 2020-ci ilə qədər sözləşmə imzalanıb.
"Qalatasaray” B.Qomisin transferi üçün onun sabiq klubu İngiltərə "Suonsi Siti”sinə 2,5 milyon avro ödəyəcək. Futboçu özü İstanbul təmsilçisinin heyətində keçirəcəyi 3 mövsümün hər biri üçün 3 milyon 350 min avro alacaq.
Həmçinin fransalı hücumçuya imza pulu olaraq nəğd 2,5 milyon avro ödəniləcək. "Qalatasaray” Türkiyə çempionu olacağı halda, B,Qomis əlavə 200 min dollar əldə edəcək. Üstəlik, 32 yaşlı forvard iştirak edəcəyi matçlarda "sarı-qırmızılar”ın qazanacaqları hər bir xal üçün 5 min avro mükafat alacaq.
Qeyd edək ki, Bafetimbi Qomis 2008-2013-cü illərdə Fransa yığmasının heyətində 12 oyuna çıxıb və 3 qola imza atıb. Karyerası ərzində "Lion”, "Suonsi Siti” kimi komandalarda çıxış edən forvard, ötən mövsüm formasını geyindiyi Marsel "Olimpik”nin heyətində 32 oyuna 20 qol vurub.