"Avrokuboklara ilk dəfə vəsiqə qazanan komandamız qalib gəldi. Bu, sevindirici haldır. Düzdür, futbolçular arasında anlaşılmazlıq olurdu. Amma fərəhli haldır ki, yeni gələn oyunçular özlərini yaxşı tərəfdən göstərməyi bacardılar".
Sportnet.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Differdanj"ı üzərində qazandığı 2:0 hesablı qələbəni dəyərləndirərkən deyib. O bildirib ki, "Zirə" çempionat oyunlarında tam fərqli olacaq. Musayev Kervan Belforun oyununu fərlqəndirib: "Xüsusən, 10 nömrəli futbolçu məndə xoş təsir bağışladı. Bugünkü "Zirə" mənim çox xoşuma gəldi. İnanıram ki, ikinci təsnifat mərhələsini də keçə biləcəklər".
PFL rəhbəri xatırladıb ki, "Differdanj"a qarşı start heyətdə 8 legionerlə çıxış etmiş "Zirə" Premyer Liqada limitlə əlaqədar bu qədər əcnəbu futbolçu oynada bilməz. Lakin o, gənc mütəxəssis kimi Ayxan Abbasova inandığını söyləyib: "Hamı deyirdi ki, Ayxan avrokuboklarda uğur qazana bilməyəcək. Amma o, göstərdi ki, hazırlıqlıdır. Öz övladımız, öz yetirməmizdir. Mən Abbasovdan razı qaldım".
Musayev Azərbaycanın digər komandalarından da avrokuboklarda qələbə gözlədiyini deyib.