Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" istiqaməti üzrə silsilə yazılarını sona çatdırır. On ikinci məqalədə əsas komandaları Azərbaycan Premyer Liqasında, eləcə də I Divizionda mübarizə aparmayan klubların və futbol məktəblərinin fəaliyyətlərini nəzərdən keçirəcəyik.
2016/2017 futbol mövsümündə Azərbaycan Premyer Liqasında 8, I divizionda isə 14 klub iştirak edib. Lakin AFFA bayrağı altında keçirilən uşaq liqalarına ümumilikdə 588 kollektiv qatılıb ki, onların da əksəriyyətinin peşəkar, yəni əsas komandası yoxdur.
Mövcud tablonu daha yaxşı təsəvvür etməyiniz üçün son mövsümdə U-10 liqasında yarışan komandaların siyahısını diqqətinizə çatdırırıq:
Paytaxt regionu: RİOEUGİM, "Binə”, "Vətən”, "Xəzər” (Buzovna), "Sərhədçi”, "Əlincə”, "Təhsil FM”, "Amasiya”, "Leon”
Cənub regionu: "Məhsul” (Cəlilabad), UGİM (Salyan), UGİM (Neftçala), "Muğan”, "Ərkivan”, UGİM (Astara), UGİM (Masallı), "Zirvə” (Lənkəran)
Mərkəz regionu: "Sabirabad”, UGİM (Göyçay), "Göyçay” OİK Gİİ, "Uğur” (Ucar), "Mirili Nur” (İmişli), UGIM "Saatli”, "Azəryol-Bəhramtəpə”, UGİM (Beyləqan), "Bahar” Gİİ, "Horadiz” (Füzuli), UGİM (Xocavənd), "Kərimbəyli” (Füzuli), "Füzuli”, "Zobucuq” (Füzuli)
Qərb - Gəncə regionu: "İntizar” (Gəncə), TİM "Uğur”, "Qoşqar” UGİM, "Azəri” TİM, TİM (Gəncə), "Gəncə” TİM, "Ümid” TİM (Gəncə), "Təbriz” TİM, "Toxucu” (Gəncə), UGİM (Tovuz), AVEY, "Birlik” (Şəmkir) Gİİ, "Ağstafa Gəncləri”, Qədirli (Tovuz), "Gülül-Qələmcə”
Şimal - Qərb və Qarabağ regionu: UGİM "Bərdə”, UGİM "Mingəçevir”, "Ramal Tərtər”, "Pambıqçı Bərdə”, UGİM "Naftalan”, UGIM "Ağcəbədi”, UGİM (Ağdam), UGİM "Top-qapı”, "Balakən”, "Kürmük Qax”, UGİM (Şəki), UGİM Yevlax, 3 №li məktəb kulubu (Şəki), UGİM "Oğuz”, "Lokomotiv Zaqatala”, UGİM "Rabitəçi Yevlax”, "Viktoriya Zaqatala”, Gİİ (Qəbələ), "Şorsu” (Şəki), UGİM (Qəbələ), "Daşqın Zaqatala”
Şimal regionu: UGİM "Nabran” (Xaçmaz), "Xudat”, UGİM (Şabran), ŞKGB, "Uğur” FK (Sumqayıt), İOEUGİM (Sumqayıt), "Sumqayıtspor”, UGİM-1 (Sumqayıt), UGİM (Xızı), "Polad” (Sumqayıt), "Təhsil” RİM (Sumqayıt)
Fərqli məqsədlər üçün yaradılan futbol məktəbləri
Əlbəttə, yalnız U-10 liqasında bu qədər kollektivin yer alması futbolun kütləviliyi baxımından müsbət haldır. Lakin təəssüf ki, bu komandaların əksəriyyəti fərdi şəxlərin fədakarlığı sayəsində mövcuddurlar. Düzdür, bir neçə il öncəyə qədər AFFA tərəfindən bir çox klublara cüzi də olsa, yardım edilib. Lakin artıq bu cür kollektivləri topla belə təmin etməyə federasiyanın gücü çatmır. Hər halda, səbəb kimi klublara iqtisadi böhranla əlaqədar maliyyənin olmadığı söylənilir.
Ümumiyyətlə, fiziki şəxslər tərəfindən təsis edilən klub və futbol məktəbləri fərqli məqsədlərə xidmət edirlər. Kimisi oyunçu yetişdirib satmaq istəyir, kimisi sırf xeyriyyə niyyəti ilə uşaqların idmanla məşğul olmasına şərait yaradır, kimisi də hansısa bölgənin adından istifadə edərək, oradakı imkanlı şəxslərdən pul qopartmağa çalışır. Lakin reallıq budur ki, artıq tanınmış və ya imkanlı adamlar fərdi şəkildə təsis edilən klublara vəsait vermirlər.
Yazıda iki fərqli bölgədə və fərqli şərtlər altında mövcud olan klubların fəaliyyətinə nəzər salacağıq.
Haramı düzündəki "Füzuli”
Mirdamət İbadoğlu "Füzuli” futbol klubunun həm sahibi, həm də baş məşqçisidir. Komanda cəbhə bölgəsində fəaliyyət göstərir, məşqlərini Böyük Bəhmənli kəndində və Qayıdış qəsəbəsində keçirilir. Elə burada məşq edən uşaqlar da təmas xəttində yaşayan ailələrin övladlarıdır. M.İbadoğlu deyir ki, məşq keçmək üçün normal stadionları olmadığı üçün planlarını hava şəraitinə uyğun qururlar: "Məşqlərimizi Böyük Bəhmənli kəndində və Qayıdış qəsəbəsində reallaşdırırıq. Lakin indi ara vermişik, sentyabrı gözləyirik. Bura Haramı düzüdür, toz imkan vermir. Qış aylarında isə zığ-palçıq olanda da bəzən ara veririk. Yəni, məşqlərimiz hava şəraitindən asılıdır”.
"4 ildir yemək kəsilib, 3 ildir forma yoxdur, ötən ildən isə top verilmədi”
"Füzuli” U-10, U-11, U-12, U-13 və U-14 komandaları AFFA bayrağı altında Mərkəz regionunda çıxış edirlər: "Oyunlarımız İmişlidə olur. Hazırda AFFA yalnız nəqliyyat xərclərini qarşılayır. Ancaq əvvəl hər şeylə təmin edirdilər. Top, forma və digər inventarlar öz hesabımızadır. Kimsə alıb versə, onun ümidinə qalmışıq. Artıq 4 ildir ki, AFFA tərəfindən çempionat oyunları zamanı verilən yemək kəsilib, 3 ildir forma yoxdur, ötən ildən isə top verilmədi”.
Orta məktəbdə müəllim işlədiyini deyən həmsöhbətimiz bildirir ki, şəxsi hesabına xərcləri qarşılamağa gücü çatmır: "Orta məktəbdə müəllim işləyirəm, maaşım bu işləri görməyə imkan vermir. Klubu 2009-cu ildə yaratmışıq. Əvvəl 6 məşqçi vardı, indi 2 nəfər qalmışıq. Könüllü çaılışırıq. Məşqçilər gedir, çünki qazanc yoxdur. Qruplar pulsuzdur. Burada sosial vəziyyəti çox aşağı olan ailələr yaşayır. Təsəvvür edin, hazırda növbəti mövsüm üçün AFFA-ya təqdim etməyə sənəd yığırıq, bəzi uşaqların şəkil çəkdirməyə bir manatları yoxdur. Məcbur qalıb özümüz veririk. Əvvəl AFFA-nın Elit layihəsinə cəlb olunmuşdum, 350 manat maaş alırdım. Lakin 2015-ci ildən iqtisadi böhranla əlaqədar layihə dayandı”.
"Klub sayının azlığı uşaq futboluna zərbə vurur”
Baş məşqçinin sözlərinə görə, yetirmələrini sataraq, pul qazanmaqda çətinlik çəkirlər: "İndiyə qədər "Qəbələ”yə iki oyunçu vermişəm. Bir dəfə 800 manat, bir dəfə isə 400 manat almışam. İndi elə vəziyyət yaranıb ki, "Qəbələ” də götürə bilmir. Klub sayının azlığı uşaq futboluna zərbə vurur. "Neftçi”, "Qarabağ” kimi klublar uşaq götürmür. Rayondan uşaq aparan yoxdur. Hamı seleksiya üçün Qəbələyə axışır. Onlar da hamını götürə bilməzlər, bəlli bir say var. Uşağı "Vətən” və ya "Sumqayıt” aparır, onlar da pul vermir. U-14 komandam vardı, əla uşaqlar idi. Onlardan 3 nəfərini klublar götürmüşdü. Birini "Rəvan” aparmışdı, yer təmin edə bilmədi. İkisini "Sumqayıt”apardı, birini saxladı. Onlar da qayıtdı gəldi. O komandadan cəmi bir nəfər "Sumqayıt”da qalıb İbrahim Novruzov, o da milliyə namizəddir. Həmçinin, hazırda "Qəbələ”də çıxış edən U-16 yığmamızın üzvü Rauf Məhərrəmov da öz yetirməmizdir”.
M.İbadoğlu deyir ki, hazırda futbolçulara geyim və inventar almaq üçün 1000 manat kifayətdir: "Bu qədər pul bəs edir, ancaq verən yoxdur. Ötən il Füzulidən olmayan bir qadın uşaqlara getr və jitki alıb verdi. Füzulidən paytaxtda və Sumqayıtda yaşayan məşqçilər var, onlar da forma verdilər. Bir dəfə bankda hesab açdım, hardasa 40 manat xərcim çıxdı. Ancaq nə vaxt baxırıqsa, balans sıfırdır. Köməklik edən olmadı. Xaricdə yaşayan füzulilərə belə müraciət etdik, əl tutmadılar”.
"Qara Qarayev dedi ki, Füzuliyə gəlməyə vaxtı yoxdur”
"Füzuli”nin rəhbəri kömək üçün əslən Füzuli rayonundan olan "İnter”in hücumçusu Rauf Əliyevlə "Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevə müraciət etdiyini bildirir: "Rauf Əliyev, Qara Qarayev, Səlahət Ağayev, Amit Quluzadə kimi tanınmış futbolçular Füzulidəndirlər. Rauf və Qara ilə internet vasitəsi ilə yazışmışam. Qara dedi ki, gəlməyə vaxt tapmır. Rauf isə "facebook” səhifəsini bağlayıb. Kimə ağız açırıq, deyirlər müğənnilərə müraciət elə. Elə bil müğənni klub saxlayacaq. Füzulidə güclü sahibkar yoxdur, ancaq müğənnilər var. Deyirlər Manafa de. Manaf da yaxın durmur, deyir elə imkan yoxdur. Manaf uşaq futboluna baxandır?"
Özünü isbatlamaq istəyən "Leon”
Paytaxda fəaliyyət göstərən "Leon” klubunda isə durum fərqlidir. Klubun icraçı direktoru, eyni zamanda məşqçisi Elvin İslamoğlunun sözlərinə görə, hədəfləri bu sahədə özlərini isbatlamaqdır: "Sonuncu çempionatda U-10 və U-12 Liqalarında çıxış etmişik. Növbəti mövsümdə isə 3 komanda ilə təmsil olunmağı planlaşdırırıq. Klub bir iş adamına məxsusdur və kənardan heç bir dəstək yoxdur. Məşqlərimizi ADBTİU-nun stadionunda keçiririk. Bəlkə də ölkədə yeganə klubuq ki, uşaqlarımız təbii ot örtüyündə məşq edirlər. Özüm 6 il "Qarabağ”da işləmişəm və yaxşı təcrübə toplamışam. Hazırda "Leon”da 4 məşqçi fəaliyyət göstərir. Onlardan üçü "B”, biri isə "C” kateqoriyasına malikdir. Hazırda 5 və 7 yaşlı uşaqlardan ibarət qruplarımız belə var. Özümüzü bu sahədə isbatlamaq istəyirik. Gələcək üçün isə bu komandaları mərhələli şəkildə peşəkar səviyyəyə gətirmək və ölkə çempionatlarında iştirak etməyi hədəfləyirik. Lakin hazırda məsələn, I divizonda təmsil olunmaq imkanımız yoxdur”.
"Başqa klublar oyunçularımızı istəyirlər”
İcraçı direktor deyir ki, klubda pullu qruplar da var. Lakin çempionat matçlarında iştirak edən uşaqlardan ödəniş tələb olunmur: "Kluba sıfırdan gələn uşaqları pullu qruplarımıza götürürük. Ancaq ölkə çempionatlarında çıxış edən komandalarımızın heyətində yer alanlar üçün hər şey pulsuzdur. Onları lazım olan forma və inventarlarla təmin edirik. Hətta klub tərəfindən istedadlı uşaqların transferinə də vəsait ayrılır. Başqa klublar oyunçularımızı istəyirlər. Lakin satmağı düşünmürük”.
Şamo Quliyev
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir