Azərbaycan Premyer Liqasında ilk turun son 2 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Zirədə eyniadlı komanda debütant "Səbail"i qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı artıq 3-cü dəqiqədə Milan Düriç açıb. Bundan 6 dəqiqə sonra meydan sahibləri növbəti qol imkanı qazanıblar. Lakin Riçard Qadze penaltini dəqiq yerinə yetirə bilməyib. Bununla belə, Qadze 17-ci dəqiqədə "Səbail"in qapıçısı Emil Balayevin kobud səhvindən yararlanaraq, fərqi artırıb. Qonaqlar təsəlli qolunu 43-cü dəqiqədə vurub. "Səbail"in yeni transferi Vüqar Nadirov uzaq məsafədən dəqiq zərbə ilə yekun nəticəni müəyyənləşdirib.
"Sumqayıt" - "Kəpəz" matçında da meydan sahibləri eyni hesabla qalib gəliblər. Hələ 16-cı dəqiqədə meydan sahiblərinin yeni transferi Cavid İmamverdiyev gözəl qola imza atıb. 52-ci dəqiqədə qonaq komandanın nigeriyalı legioneri Viktor Oseqeyl "Sumqayıt" müdafiəçilərinin səhvindən yararlanaraq, hesabı bərabərləşdirib. Lakin 74-cü dəqiqədə Amil Yunanov matçda son nöqtəni qoyub.
Bu, turun 2:1 hesabı ilə nəticələnən 3-cü oyunu olub. Daha əvvəl "Qəbələ" səfərdə "İnter"i belə hesabla yenib. Turun açılış oyununda isə "Neftçi" evdə "Qarabağ"a uduzub - 1:3.
Azərbaycan Premyer Liqası
I tur
13 avqust (bazar)
19:00. "Zirə” – "Səbail” - 2:1
Qol: Milan Duriç, 2. Riçard Qadze, 17 - Vüqar Nadirov, 43
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Zirə İdman Kompleksinin stadionu
21:00. "Sumqayıt” – "Kəpəz” - 2:1
Qol: Cavid İmamverdiyev, 16. Amil Yunanov, 74 - Viktor Oseqeyl, 52
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
"Kapital Bank Arena”.