"Uşaqlar çalışdılar. Nə bacarırdılarsa, etdilər. Heç-heçə etmək olardı".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra deyib. Gürcüstanlı mütəxəssis bildirib ki, məğlubiyyətə baxmayaraq, komandası pis oynamayıb. O, daha çox işləmələrinin vacibliyini vurğulayıb: "Komandamın bu gün bütün gücünü meydanda qoymasını istəyirdim ki, onu da etdilər. Sona kimi vuruşdular. Bir-birimizə söz vermişdik. Düzdür, bir qədər artıra da bilərdilər. Oyun heç-heçə də ola bilərdi. Oyundan razıyam. Gələcək qarşılaşmalarda necə olacağını zaman göstərəcək".
Svanadze Albaniyanın "Kukesi" klubunun düşərgəsinə yollanan Rauf Əliyev barədə də danışıb: "Srağagün məşqə gəldi. Onunla tez-tez ünsiyyət saxlayırdıq. Ancaq belə tez gedəcəyini gözləmirdik. Raufun ölkə xaricində oynamaq istəməsi pis deyil, yaxşıdır. Amma onun klubla müqaviləsi var və hazırda da danışıqlar gedir. Gedəsi olsa, ona yalnız uğurlar arzulayaram. İstərdim ki, millidə oynasın. Klub rəhbərliyi deyir ki, onunla müqaviləmiz var, ancaq Rauf deyir ki, müqaviləm yoxdur. Bu məsələni rəhbərlik həll edəcək".
Baş məşqçinin fikrincə, Rauf Əliyevlə bağlı problem digər oyunçulara təsir etməyəcək: "Aparıcı futbolçuların hamısının klubla müqaviləsi var. Ancaq Raufun müqaviləsi bir qədər fərqli idi. Bildiyim qədər ilə digər oyunçuların hamısının bizimlə müqaviləsi var. Hazırda yalnız bir təcrübəli hücumçu qalıb. Bu, Pərdis Fərcad-Azaddır. O da getsə, komandada hücumçu yalnız Mirsahib Abbasov qalacaq. Allah eləməsin ki, Fərcad-Azad da getsin".