Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan Premyer Liqası klublarında fəaliyyət göstərən kadrlar və onların hazırlanması" layihəsinin icrasını davam etdirir. Beşinci yazıda mətbuat katiblərindən bəhs edəcəyik.
Müstəqillik dönəmindən bəri Azərbaycan futbolunda mətbuat katiblərinin xüsusi yeri olub. Onların işi yalnız tutduqları vəzifənin öhdəlikləri ilə məhdudlaşmayıb, klub idarəçiliyində bir çox məsələlərə cavabdehlik daşıyıblar. "Həm də mətbuat katibi” – anlayışının formalaşması da məhz bununla bağlıdır. Halbuki mətbuat katibinin vəzifələri aşağıdakilardan ibarətdir:
- Lisenziya iddiaçısının bütün rəsmi oyunlarında iştirak etmək;
- Oyunlardan öncə və sonra media nümayəndələrinə komandalar barədə müxtəlif məlumatlar təqdim etmək (komandaların heyətləri və s.);
- Oyunçular və məşqçilər ilə oyundan sonra müsahibələr təşkil etmək;
- Mövsüm ərzində mətbuat konfranslarını təşkil etmək;
- Beynəlxalq oyunlar zamanı mətbuat konfranslarında tərcümənin təşkili;
- Kütləvi İnformasiya Vasitələri ilə əlaqə qurmaq və klub haqda yenilikləri ictimaiyyətə çatdırımaq və s.
Mətbuat katiblərinin yuxarıda qeyd edilənlərlə yanaşı, icraçı direktorların, menecerlərin, hüquqşünasların, inzibatçıların və digər şəxslərin görməli olduqları işləri icra etdiklərini dəfələrlə görmüşük və hazırda da bu cür hallara rast gəlməkdəyik. Onlar klubun siması olmaqla yanaşı, klub idarəçiliyində ən ağır yükə çiyin verən şəxslərdir.
Azərbaycan Premyer Liqasında mübarizə aparan klublardan "Qarabağ” və "İnter”in mətbuat katibləri –Nurlan İbarhimovla Səbuhi Məmmədov 10 ildən çoxdur müvafiq postu tutuduqları halda, çempionatın ən qocaman klubu "Neftçi” ilə "Səbail”in sözçüləri – Rüstəm Əfsərli ilə Törə Əhmədova yay fasiləsində bu vəzifəyə təyin olunublar. Anar Hacıyev isə beş ildən artıqdır ki, "Qəbələ”dədir. Lakin onlar bu vəzifəyə gələnə qədər müxtəlif media qurumlarında və klublarda çalışıblar.
"Kəpəz”, "Zirə” və "Sumqayıt”ın mətbuat katibləri ilə təqdim edəcəyimiz müsahibələr bu postu tutan şəxslərlə bağlı daha çox məlumat almağınıza imkan yaradacaq.
Azad Mustafayev: "Mətbuat katibi klubun simasıdır”
"Kəpəz”in mətbuat katibi Azad Mustafayev 1981-ci il avqustun 25-də Gəncədə anadan olub. Orta məktəbi başa vurduqdan sonra Gəncə Dövlət Universitetinin Tarix-Filologiya fakultəsinə (1998-2002, tarix ixtisası üzrə) daxil olub, 2002-ci ildə elə həmin universitetin eyni ixtisas üzrə magistratura pilləsinə qəbul edilib. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olan Mustafayev artıq xeyli vaxtdır ki, idman mediası arasında tanınan simalardandır.
- Tarix ixtisası üzrə təhsil alsanız da, fərqli istiqaməti seçmisiniz. Mətbuata gəlişiniz necə olub?
- Hələ məktəb illərindən jurnalistika sahəsinə meylim olub. Tələbəlik dövründə mediaya marağım daha da artıb və 2001-ci ildən bu sahədə çalışmağa başlamışam. İlk iş yerim "Kəpəz” (hazırkı ARB Kəpəz) telekanalı olub. Televiziyanın keçirdiyi sınaqlarda iştirak edərək "Xəbərlər” departamentində stajçı müxbir, müxbir, aparıcı-müxbir ştatlarında çalışmışam. 2002-ci ildən idman şöbəsinin redaktoru təyin edilmişəm, 2008-ci ildən isə eyni şöbənin şef-redaktoru vəzifəsində çalışıram. Televiziya ilə yanaşı, qəzet və saytlarda da işləmişəm. 2003 - 2015-ci illərdə "Futbol+” qəzetində çalışmışam. Müxtəlif illərdə qol.az, azerisport.com və futbolinfo.az kimi saytlarla əməkdaşlıq etmişəm.
- "Kəpəz”in mətbaut katibi təyin edilməyiniz elə də gözlənilməz olmadı...
- Çalışdığım televiziyadakı şöbənin, eyni zamanda əməkdaşlıq etdiyim qəzet və saytların profili idman olduğundan, futbol sahəsi mənim üçün yad olmayıb. Uzun illər ərzində futbol təsərrüfatından sujetlər, verilişlər və yazılar hazırlamışam. Hazırda isə yalnız klubla yanaşı, mənim üçün doğma olan televiziyada çalışıram. "Kəpəz” PFK-ya gəlişim 2015-ci ildə klub rəhbərliyinin təklifi əsasında olub. Məmnuniyyətlə qəbul etdiyim dəvətin nəticəsi olaraq iki ildir ki, "sarı-göylər”in mətbuat katibiyəm. "Kəpəz”in oyunlarını 5-6 yaşımdan stadiondan izləyirəm. Ötən əsrin 80-ci illərində Gəncə klubu SSRİ Çempionatının II dəstəsinin 9-cu zonasında mübarizə aparırdı. Yaxşı yadımdadır ki, oyun günlərində şəhərdə qələbəlik olurdu. Hələ oyun vaxtına 2-3 saat qalmışdan azarkeşlərin stadiona necə axın etməsi maraqlı olduğu qədər unutmayacağım mənzərə idi. Əli biletli əmi və dayıların əhatəsində sıxıla-sıxıla atam məni içəri rahat keçirməyə çalışaraq bir xeyli tər tökürdü. Oyundan əvvəl keçirilən şou-proqramlar, matçda yaşananlar və final fitindən sonra hamının həyəcanla gözlədiyi lotereya uduşları da uşaqlıq dövründən xatırladığım xoş anlardır.
- Bir gəncəli olaraq, mətbuatda çalışdığınız dönəmdə "Kəpəz”lə bağlı məsələlərdə obyektivliyi qorumağı nə dərəcədə bacarmısınız?
- Televiziyada, qəzetdə və saytlarda işlədiyim dövrlərdə həmişə obyektivliyi qorumuşam. Bəlkə də digərləri üçün inandırıcı olmaya bilər, amma buna həmişə nail olmuşam. Çünki obyektiv olmasaydım, ünvanıma şikayətləri eşitməzdim. Dəfələrlə çalışdığım iş yerlərinin rəhbərlərinə hazırladığım yazılardan, sujetlərdən şikayətlər olub. Amma sonradan qarşı tərəfin özü də haqsız davrandığını etiraf edib.
- Hansı illərin "Kəpəz”i yaddaşınızda daha çox iz buraxıb?
- Qələbələri, uğurları sıralayan "Kəpəz” daha çox yadımda qalıb. Komandanın 1997/1998-ci illər mövsümündə məğlub olmadan Azərbaycan çempionu olması və ölkə kubokunu qazanması, yəqin ki, bütün azarkeşlərdə indi nostalji hisslər yaşadır. İki il öncə elitada çıxışı bərpa olunan və mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanan "Kəpəz”in gözlənilməz uğuru da tez unudulmayacaq. Bir də oyunlarını görmədiyim "Kəpəz”in sələfi "Dinamo” (Kirovabad) komandasının (Gəncə əvvəllər Kirovabad adlanırdı - red.) SSRİ çempionatının Yüksək Liqasına vəsiqə qazandığı ildə olan komanda daha çox rəğbətimi qazanıb.
- Mətbuat katibi kimi işlərinizi necə tənzimləyirsiniz?
- Artıq iki ildən çoxdur ki, iş prosesim eyni qayda ilə tənzimlənir. Təbii ki, gün ərzində fövqəladə hadisə baş verməzsə. Demək olar ki, günə dövri mətbuatda yazılanlarla tanışlıqla başlayıram. Bundan sonra klub rəhbərliyi və baş məşqçi ilə təmas qurub hər hansı məsələ ilə bağlı yeniliyin, dəyişikliyin olub-olmaması ilə maraqlanıram. Bundan sonra mətbuat xidmətinin digər əməkdaşları ilə birgə görüləcək cari işlərlə bağlı fikir mübadiləsi aparılır və planlaşmanın ardından işin icrasına başlanır. Xəbərlər televiziyanın vizit kartıdırsa, mətbuat katibi də klubun simasıdır. Mən belə düşünürəm. Mətbuat katibi klubda sıravi işçidən tutmuş, klub rəhbərinə kimi hamı ilə yaxşı münasibətdə olmağı bacarmalıdır. O, mətbuatla klub arasında körpü rolunu oynamalı, eyni vaxtda hər iki tərəfin dostu olmalıdır. Məncə, mətbuat katibi olmaq üçün xüsusi özəlliklər lazım deyil, sadəcə, iş görmə bacarığı ilə seçilsən, bəs edər. Sən səmimi, dürüst olmalı, klubun mənafeyini üstün tutmalısan. Ən əsası, hər zaman mətbuata açıq olmalısan.
Elman Himayətoğlu: "Zirə”dəki işimdən həzz alıram”
"Zirə”nin mətbuat katibi Elman Himayətoğlu 1981-ci il oktyabrın 19-da Sumqayıtda anadan olub, hazırda Ceyranbatan qəsəbəsində yaşayır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsini bitirib, lakin karyerası sırf jurnalistika ilə bağlıdır...
- Nəqliyyat fakültəsindən jurnalistikaya keçidinizi necə izah edərdiniz?
- Uşaqlıqdan jurnalistikaya marağım olub, həmişə jurnalist olmaq istəmişəm. Əslində, bu ixtisas üzrə də təhsil almaq istəyirdim. Amma o vaxt atam Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində oxumağımı istəyirdi. Mən də bir il riyaziyyatı əzbərlədim və gücüm yalnız Memarlıq və İnşaat Universitetinə çatdı. Bununla belə, jurnalist olmaq arzumu reallaşdırdım. Artıq 2-ci kursda oxuyanda "Futbol+” qəzetində işləməyə başladım. Bununla yanaşı, müxtəlif vaxtlarda "Elçi" və "Carçı" kimi siyasi qəzetlərin idman yazarı olmuşam. İctimai Televiziya açılana yaxın isə Rəsul Şükürsoyla birgə müsabiqəyə getdik və uğurla keçdik. İTV-də işlədiyim vaxt bir ay müddətində Türkiyənin TRT AVAZ kanalında Azərbaycan dilində xəbərlərin aparıcısı olmuşam. O vaxt İTV-nin TRT ilə əməkdaşlığı çərçivəsində bəzi aparıcılar müxtəlif vaxtlarda Ankaraya ezam olunurdu. 10 il İTV-də işlədim.
- Daha sonra "Zirə” məcarası başladı...
- 2015-ci ilin mayında "Zirə"də işləmək variantı ortaya çıxdı. Düzü, bu sahəyə çox həvəsli idim. Klubda işləmək, futbolun içində olmaq maraqlı gəlirdi. Amma klubun yeni olması, hələ aşağı dəstədə çıxış etməsi, bir də illərdir çalışdığım televiziyadan, o gözəl kollektivdən ayrılmaq fikri qərarıma təsir edirdi. Məsləhət aldığım adamların da çoxu "TV-də qal” deyirdi. Mənə elə gəlirdi ki, səhv yoldayam. Amma tərəddüd içində olsa belə, qərarımı verdim. Bu qərarı verməyimdə klub rəhbərliyi ilə söhbətim də rol oynadı. Onların fikirləri və planları çox maraqlı idi. "Bakı 2015" I Avropa Oyunlarından əvvəl olduğundan, dərhal İTV-dən ayrılmadım, işlər çox idi və televiziyanı pis vəziyyətdə qoya bilməzdim. Ona görə də Avropa Oyunları bitənə qədər kluba kənardan kömək edirdim. Oyunlardan sonra isə tam olaraq, İTV-dən çıxdım. Düzdür, televiziyada qalmağımı, hər iki yerdə paralel çalışmağımı istədilər. Amma klubdakı işlərin çoxluğu buna imkan vermirdi. Beləcə, bir qədər qorxa-qorxa yeni sahəyə üz tutdum. Və hər keçən gün qərarımda yanılmadığımı bir daha görürəm.
- "Zirə”nin hansı oyununu daha çox xatırlayırsınız?
- Əslində, "Zirə"də unutduğum oyun yoxdur. Hər oyun başqa həyəcandır. Yəqin, fikir vermisiz, bütün oyunları ayaq üstə izləyirəm. Oturanda sanki ürəyim sıxılır, özümə yer tapa bilmirəm. Amma həllediciliyinə görə xüsusi fərqlənən oyunlar olub. Ötən mövsüm Premyer Liqada "Neftçi” ilə son iki oyunumuz, "Sumqayıt”la 1:1 hesablı heç-heçə ilə başa çatan qarşılaşmamız, "Qarabağ”la qolsuz bitən oyun. Bir də təbii ki, ilk dəfə çıxış etdiyimiz avrokubok oyunları var. Lüksemburq "Differdanj”ı ilə ilk oyundan çox, səfərdə baş tutan cavab qarşılaşması həyəcanlı keçdi. Hesabda geri idik və rəqib ardıcıl hücumlar edirdi. Həmin vaxt David Manqanın qol vurması ayrı aləm idi. Həmin hissləri sözlə ifadə etmək mümkün deyil, sanki ürəyim yerindən çıxacaqdı. Tunelə girib bir az sakitləşəndən sonra geri qayıtdım.
- Futbol sektorunda hədəfiniz nədir?
- Bəzən bu fikir bir qədər bayağı səslənir, sanki hər kəs boğazdan yuxarı danışır. Amma bizim klub həqiqətən bir ailə kimidir. Burda işlər çox olsa belə, həzz alırsan. Ona görə də işləmək çox rahatdır. Mətbuat katibi kimi sizlərə informasiyanı operativ çatdırmağa, verdiyiniz suallara ətraflı cavab verməyə çalışıram. Mənə komandanın yanında olmaq çox maraqlıdır. Məşqləri izləmək, komandanın bir parçası olmaq istəyirəm. Yəni, elə bir iş olsun ki, komandanın yanında olum. Hazırda mətbuat katibi olmaqla yanaşı, lisenziyalaşdırma üzrə menecer vəzifəsini də yerinə yetirirəm. Hər iki işim çox maraqlıdır və həzz alıram. Həm işləyir, həm də öyrənirəm. Xəyalımda isə bir futbol klubuna rəhbərlik etmək, doğru bildiyim yolla idarə edib, uğur qazanmaq kimi arzu var.
- TV-də çalışmaq daha maraqlıdır, yoxsa klubda?
- Hər iki sahənin öz maraqlı tərəfləri var. TV-də aparıcı və şərhçi kimi çalışmışam. İspaniya və İtaliya çempionatları, Avropa Liqası, Konfederasiyalar Kuboku və dünya çempionatının oyunlarını şərh etmişəm. Həmçinin, ölkə çempionatının və milli komandamızın qarşılaşmalarını da. Yay Olimpiya Oyunlarında şərhçilik etmişəm. Qış Olimpiya Oyunlarını birbaşa yarışın keçirildiyi məkandan işləmişəm. Düşünəndə şərhçi kimi çox arzum gerçəkləşib. Müxtəlif mötəbər yarışlarda idmançılarımızın qızıl medal qazanması mənim səsimlə efirə gedib. Futbolla bağlı isə arzularım var idi, onlardan ikisinə çatmışam. Milli komandamızın qələbə qazandığı matçı və "Mançester Yunayted”in oyununu şərh etmişəm. TV ilə klubu müqayisə etmək çətindir. Klubda işə yeni başlamışam. Elə "Zirə” kimi mən də ilk addımlarımı atıram. Möhtəşəm hisslər keçirmişəm. Sevincimnən uçmuşam, üzüntüdən bitmişəm. Bu, başqa aləmdir. Müqayisə edə bilmərəm.
Rəşad Məmmədov: "Mətbuat katibliyi ilə yanaşı, digər vəzifələri də öz istəyimlə yerinə yetirmişəm”
"Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov 1985-ci il iyunun 4-də Bakının Maştağa qəsəbəsində anadan olub. O, Odlar Yurdu Universitetinin Jurnalistika faküəltəsinin məzunudur...
- İdman sahəsində jurnalistika fakultəsini bitirən mətbuat katiblərinin sayı elə də çox deyil. Bu, uşaqlıq arzunuz idi?
- Orta məktəbdə oxuduğum zamandan qarşıma yalnız jurnalistika fakultəsinə qəbul olunmaq məqsədi qoymuşdum. Ali məktəbə imtahan verən zaman 3 yer yazmışdım – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi – ödənişsiz və ödənişli, eləcə də Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsi. Elə oldu ki, sonuncu yazdığım yerə qəbul oldum. Artıq II kursdan etibarən Odlar Yurdu Universitetinin qəzetini çap etməyə başladıq. Daha sonra bir neçə ictimai-siyasi qəzetdə idman səhifəsini yazırdım. IV kursda paralel olaraq, "Olimpiya dünyası” qəzetində işə başladım, bir müddət sonra AFFA-nın qəzeti olan "Futbol dünyası”na gəldim.
- "Sumqayıt”a keçidiniz təsadüfi oldu?
- 2011-ci ilin yayında baş redaktorumuz Mikayıl Nərimanoğlu mənə bildirdi ki, "Sumqayıt” Futbol Klubu yaradılır. Klub prezidenti Kamran Quliyevə bu layihədə kömək etməyi təklif etdilər, razılaşdım. Açığı, ailəm bir az tərəddüd edirdi. Lakin qərara aldım ki, burada da özümü sübut etməliyəm.
- Siz də "həm də mətbuat katibi” statusu daşıyanlardan olmusunuz...
- "Sumqayıt” klubuna gəldiyim gündən sırf öz işimlə məşğul olmuşam. Elə alındı ki, marketinq üzrə menecerimiz getdi, öz istəyimlə bu vəzifəni də üzərimə götürdüm. Rəşad Əzizov klubdan gedəndən sonra lisenziya üzrə menecer vəzifəsini də şəxsi xahişimlə yerinə yetirməyə başladım. Lakin sonradan bu vəzifəyə başqa şəxs götürüldü. Deməyim odur ki, heç vaxt ağır yükdəm çəkinməmişəm və digər vəzifələri də öz istəyimlə yerinə yetirmişəm.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.