Azərbaycan millisinin futbolçusu Ceyhun Nuriyev evdə İslandiyaya 0:2 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra Sportnet.az-a müsahibə verib.
Sportnet.az xəbər verir ki, yığmaya "Zirə"dən çağırılmış yarımmüdafiəçi penalti gözlədikləri mübahisəli epizoddan da danışıb:
- Matçı necə dəyərləndirərdiniz?
- Rəqibin gücü bizə məlum idi. Onlarla ilk oyunda da qarşılaşmışdıq və necə komanda olduqlarını canlı görmüşdük. Ağır məğlubiyyətdən sonra revanş istəyimiz var idi. İlk oyundakı kimi oynamadıq, bu dəfə daha inamlı çıxış etdik, daha çox mübarizə apardıq. Epizodlarımız da yarandı. Hücumun yekun fazasında daha dəqiq oynasaydıq, hesab bizim xeyrimizə də ola bilərdi. Hər halda mübarizə apardıq, amma məğlubiyyət məğlubiyyətdir və bu, məyusedicidir.
- Sizin yerdə qaldığınız epizodda penalti var idi?
- Mənim baxış bucağımdan penalti kimi görünürdü, amma meydanın içində idim. Dəqiq bir şey deyə bilmərəm. Ola bilər ki, əslində penalti olmayıb.
- 0:5 hesablı məğlubiyyətin revanşı alınmadı. Sizcə, problem nədə idi?
- Biz qələbəni bəlkə azarkeşlərdən də çox istəyirdik. Dediyim kimi, hücumun son mərhələsində daha dəqiq olmalı idik. Müdafiədə də müəyyən boşluqlarımız var idi. Aydın Bayramov bu gün bir neçə çox yaxşı top çıxardı, amma nə qədər yaxşı müdafiə olunsa da, qol vurmadıqca qələbə qazanmaq mümkün deyil. Ona görə də hücumda daha dəqiq olmalıyıq.
- Fransa ilə son oyundan nə gözləyirsiniz?
- Hazırda, real götürsək, itirəcək bir şeyimiz yoxdur. Fransa ilə oyundan yalnız nə isə qazana bilərik. Fransanın təqdimata ehtiyacı yoxdur, onların gücü hamıya məlumdur. Amma biz meydana çıxıb var gücümüzlə xal üçün mübarizə aparacağıq, təslim olmayacağıq və adlarına görə qorxmayacağıq.
- Hazırkı millinin potensialı barədə nə düşünürsünüz?
- Düşünürəm ki, bu gün keçən ilə və hətta son bir neçə aya nəzərən daha yaxşıyıq. Belə davam etsək, üzüyuxarı addım-addım getsək, ən azından İslandiya və Ukrayna kimi komandalara diş göstərə bilərik.
- Legioner limitinin götürülməsindən sonra yerli futbolçu qıtlığının yaranacağı və bunun milliyə mənfi təsir edəcəyinə dair iddialar var. Razısınız?
- Fikrimcə, bu, yerli oyunçu sarıdan problemlər yaradacaq. Fakt budur ki, millidəki hazırkı futbolçular keçən mövsüm daha çox oynayırdılar, nəinki indi. Təbii ki, bu məqam oyunçunun gəlib millidə oynamasına mane olur. Ona görə də limitin götürülməsi milli komandanın gücünə nə dərəcədə təsir edib — bunu demək çətindir, amma oyunçuların klub səviyyəsindəki təcrübəsinə təsir etdiyi görünür.
- Düşünmürsünüz ki, bu halda ən yaxşı variant legioner həyatı yaşamaqdır?
- Mən heç vaxt legioner həyatı yaşamamışam. Lakin legioner həyatı yaşamağı hər bir futbolçu istəyər. Gedənlərin tez qayıtması barədə dəqiq fikir bildirə bilmərəm. Ola bilər adaptasiya baxımından problem yaşayıblar. Hər halda Avropa ilə müqayisədə mentalitet fərqli ola bilər. Şəxsən öz adımdan deyə bilərəm ki, legioner həyatı yaşamaq mənim xəyalımdır.






































































