"Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt"la səfər oyununda iştirak etməyəcək. Bu barədə Sportnet.az-a paytaxt komandasının baş meneceri Eldəniz Yusifov məlumat verib.
Onun sözlərinə görə, 22 yaşlı hücumçu MOİK-lə yoldaşlıq görüşü zamanı diz nahiyəsindən xəsarət alıb. Klub rəsmisi bildirib ki, zədə elə də ciddi deyil. Amma həkimlər futbolçunun qarşıdakı görüşü buraxmasını məqsədəuyğun sayıblar.
Qeyd edək ki, Mirabdulla Abbasov ötən mövsümü icarə əsasında "Sumqayıt"da keçirib. O, Premyer Liqada 27 oyuna 8 qol vurub.