Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi"ni 1:0 hesabı ilə yendikləri oyundan sonra meydan "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, klub prezidenti azarkeşlərin tribunalarda yer tapa bilməmələri və görüşü hasar arxasından izləməri probleminə də toxunub.
- "Sumqayıt" sanki bu oyunda daha istəkli idi. Motivasiya böyük idi?
- İki məğlubiyyətdən sonra komanda, təbii ki, oyuna istəkli çıxmalıdır. Millinin oyunları ilə əlaqədar xeyli vaxt vardı və komanda özünə gəlməyi bacardı. Hətta uduzduğumuz görüşlərdə də komandamız pis oyun göstərməyib. Kaş bu gün ikinci hissədə də ilk yarıdakı kimi çıxış edərdik.
- Hücumlar, oyunçulararası anlaşmalar var, ancaq sonluq bir qədər problemlidir...
- Bəli, bu, bizdə problemdir. Bizdə vuran ayaqlar var. Amil Yunanov bu gün çempionatda 10-12 qol vura biləcək gücdədir, həmçinin, Cavid İmamverdiyevi, Rəşad Eyyubovu da qeyd edərdim. Əvvəlki illərə nisbətən 10 turluq qol epizodları yaratmışıq, ancaq az top vurmuşuq. Bunun üzərində işləmək lazımdır.
- Hazırda kifayət qədər Avroliqa şansı var, ancaq legioner yoxdur. Bu, klubun, rəhbərliyin strategiyası olsa da, baş məşqçi indiyə qədər sizdən legioner futbolçu almağınızı istəyib?
- Əvvəllər klubumuz 3-4 turdan sonra birinci yerdə də olub. Ötən il sona 4-5 tur qalmış Avroliqaya iddialı idik. Komanda indi-indi formalaşır və ola bilər ki, o problemi aradan qaldırsın. Bu il də Avropa Liqasına düşə bilsək, ola bilər ki, klubun sahibləri bizə bu barədə düzəlişlər etməyi məsləhət görəcək.
- "Sumqayıt"ın "Neftçi"yə qarşı daim xüsusi əzmkarlıqla oynadığını düşünmürsünüz?
- Xeyr. 3 tur əvvəl biz "Kəpəz"lə oyuna da eyni istəklə çıxmışdıq. Bu qədər azarkeş gəlirsə, biz necə istəksiz oynaya bilərik? Bu, bir növ onlara xəyanət olardı.
- Azarkeşlərin yer tapa bilməmək problemi var. Bu barədə nə deyərdiniz?
- O məsələ yaralı yerimdi. Təbii, istərdik ki, azarkeşlər üçün daha yaxşı şərait olsun. Hazırda vəziyyət belədir. Biz ən azı bu barədə müraciət etmişik.
- Bir tribuna artırmaq olar...
- Niyə bir tribuna? İki tribuna da artırmaq olar. Reklam olan tərəfi də, əks tərəfi də artırmaq olar. Hazırda bu barədə sizə konkret bir söz deyə bilmərəm. Stadionu SOCAR inşa edib. Ola bilər. Bu məsələni dəfələrlə həm jurnalistlər, həm də futbol rəsmiləri qaldırıb.
- Bu gün Robert Prosineçki də bu məsələni qeyd etdi...
- Bəli, Prosineçki də bu gün bizlə idi. Maraqlı oyun izlədi. Xüsusi məqamlara toxundu. Amma mən açıqlamayacağam. Yəqin ki, ondan da müsahibə almısınız. İlk yarıda olan oyunu çox bəyənmişdi.
- Əsas stadionla bağlı məsələ nə yerdədir?
- Bu, kluba aid olmayan bir məsələdir. Hələlik orada bir irəliləyiş yoxdur. Hasarları da gördünüz. Mətbuatda müxtəlif tarixlər səslənirdi ki, iyul, avqust aylarına hazır olacaq. Ancaq sentyabr ayı başlayıb, hələ ki, bu barədə bir irəliləyiş yoxdur.
- Burada Qəbələdəki kimi portativ oturacaqlar da qoymaq mümkün deyil?
- Məncə, o, çarə deyil. Bildiyim qədərilə dediyiniz portativ oturacaqları 2 və ya 3 sıra qoymaq olar. Ondan artıq yerləşdirmək isə təhlükə yaradır. Yəni, bu, müvəqqəti bir şeydir. Baş ağrıyanda dərmanla sakitləşdirdiyimiz kimi, bu da ona oxşar bir şeydir. Normal bir tribuna olsa, daha yaxşı olar. Azarkeşlər bunu haqq edir.