Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura bu gün keçirilmiş 2 oyunla yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son qarşılaşmasında "Qəbələ" səfərdə debütant "Səbail"lə görüşüb.
"Dalğa Arena"da təşkil olunmuş matçdan qonaqlar qalib ayrılıb - 3:1. İlk yarının sonlarında "Qəbələ"dən Baqali Dabo fərqlənib. 55-ci dəqiqədə Vüqar Nadirov bərabərlik qolunu vursa da, tezliklə Asif Məmmədov "qırmızı-qaralar"ı yenidən önə çıxarıb. Oyunda son nöqtəni isə uzatma dəqiqələrində Dabo qoyub.
Bununla da "Qəbələ" xallarını 10-a çatdırıb və 3-cü pillədə qalıb. Cəmi 3 xalı olan "Səbail" isə 6-cıdır.
Günün ilk matçında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 34-cü dəqiqədə Coşqun Diniyev, 80-ci dəqiqədə isə Dani Kintana vurub.
Bu görüşdə Kintana 37 gündən sonra zədəsini bərpa edərək, yaşıl meydanlara qayıdıb. 83-cü dəqiqədə isə Türkiyə "Trabzonspor"undan icarəyə götürülmüş Ramil Şeydayev Azərbaycan Premyer Liqasında debüt edib. O, Dino Ndlovunu əvəzləyib.
Qeyd edək ki, bu qələbə sayəsində "Qarabağ" xallarını 12-yə çatdırsa da, elə 2-ci pillədə qalıb. Lakin Ağdam komandasının ehtiyatda bir oyunu var. 1 xalı olan "Kəpəz" isə "Neftçi" ilə 7-8-ci yerləri bölüşür.
Azərbaycan Premyer Liqası, 5-ci tur
17 sentyabr (bazar)
18:30. "Qarabağ” – "Kəpəz” - 2:0
Qol: Coşqun Diniyev, 34. Dani Kintana, 80
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-ispektor: Şahin Cəfərov
Tofiq Bəhramov adına Respublika stadionu
21:00. "Səbail” – "Qəbələ” (İKİNCİ HİSSƏ) - 1:3
Qol: Vüqar Nadirov, 55 - Baqali Dabo, 41; 90+3. Asif Məmmədov, 60
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Füzuli Nəcəfov
"Dalğa Arena”