Əvəzedicilərin çempionatında V turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, turun ikinci günündə "Qəbələ” "Səbail”in qonağı olublar. Bunadək keçirdiyi bütün oyunlarda qələbə qazanan Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv bu dəfə də meydanı 3 xalla tərk edib. "Qırmızı-qaralar" meydan sahiblərinin müqavimətini yalnız ilk hissənin ortalarında qırıb. Rövlan Muradov 31-ci dəqiqədə hesabı açıb. Fasilədən sonra "Qəbələ” daha iki qol vurub. Çempionatın ən məhsuldar oyunçusu Ülvi İsgəndərov daha 2 dəfə - 69-cu və 82-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Beləliklə, ardıcıl 5-ci qələbəsini qazanan əvəzedicilər turnir cədvəlinin zirvəsindəki mövqeyini möhkəmlədib.
Qeyd edək ki, ötən gün "Neftçi" "Zirə"yə 0:1 hesabı ilə uduzub, "İnter" isə "Sumqayıt"la heç-heçə edib - 1:1. Tura sentyabrın 19-da keçiriləcək "Qarabağ" - "Kəpəz" matçı ilə yekun vurulacaq.









































































