
Topaz Premyer Liqasının VI turunda "Qəbələ”yə 1:2 hesabı ilə uduzan "Neftçi" ardıcıl 6-cı səfər məğlubiyyətinə düçar olub.
Sportnet.az-ın məlumatına görə, bakılılar rəqib meydanında sonuncu dəfə fevralın 27-də xal qazanıb. AZAL-a 1:0 hesabı ilə qalib gələndən sonra "Neftçi” ancaq öz meydanında xal əldə edib. Ötən mövsümün son iki səfərində "Sumqayıt” və "Kəpəz”ə eyni – 0:2 hesabı ilə uduzan "ağ-qaralar” "Zirə” ilə görüşdə texniki məğlubiyyətə üzülüb.
Cari mövsüm 3 dəfə səfərə çıxan ölkənin ən titullu klubu "Səbail” və "Sumqayıt”a eyni – 0:1, "Qəbələ”yə 1:2 hesabı ilə yenilib. Rəqib meydanındakı məğlubiyyət sayını 6-ya çatdıran "Neftçi” klub tarixinin Azərbaycan çempionatlarındakı antirekordunu təkrarlayıb. Paytaxt təmsilçisi bunadək iki dəfə - 2012-ci və 2016-cı illərdə də ardıcıl 6 səfər matçında xala həsrət qalmışdı. İndiki seriyadan fərqli olaraq, həmin uğursuzluq zolaqlarında texniki məğlubiyyət olmayıb.
Belə sindromu üçüncü dəfə yaşayan "Neftçi” növbəti səfər matçını VII turda "İnter”ə qarşı keçirəcək.