"Zirə” klubu rumıniyalı futbolçusu Qabriel Mateyi cəzalandırıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report”a komandanın baş məşqçisi Ayxan Abbasov bildirib.
Gənc mütəxəssisin sözlərinə görə, səbəb 27 yaşlı müdafiəçinin Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt”la səfər matçının 63-cü dəqiqəsində Vüsal İsgəndərli ilə əvəzlənən zaman dəyişikliyə açıq-aşkar etiraz etməsidir. Klubun nizam-intizam qaydalarına uyğun olaraq, Mateyə pul cəzası kəsilib.
Qeyd edək ki, "Zirə” sonuncu turda "Sumqayıt”a 1:2 hesabı ilə uduzmaqla cari mövsümdə ilk dəfə meydanı xalsız tərk edib. Qəsəbə təmsilçisi X turda "Qəbələ”ni qəbul edəcək. Oktyabrın 28-də keçiriləcək matç saat 17:00-da başlayacaq.