"Səbail”in futbolçusu Maudo Jarjue səfərdə "Qarabağ"a 1:0 hesabı ilə yenildikləri Topaz Premyer Liqasının X tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, futbolçu öncə oyun haqqında fikirlərini bölüşüb:
- Çox çətin oyun oldu. Bilirdik ki, güclü rəqibə qarşı oynayırıq. Meydanda əlimizdən gələni etdik. Komanda var gücü ilə çalışdı. Oyunun gedişində çətin oldu. İkinci hissədə rəqibin basqısı hiss olunurdu. Təəssüflər olsun ki, son dəqiqələrdə qol buraxdıq. Bu, komandaya çox pis təsir edir. Növbəti oyunlar üçün daha da yaxşı hazırlaşmaq, çalışmaq lazımdır.
- Rəqib qırmızı vərəqə ilə azlıqda qaldıqdan sonra "Səbail” sanki müdafiəyə çəkildi...
- Bir qədər problemlər var idi. "Qarabağ" çox çətin rəqib idi. Çempionlar Liqasında çıxış edən klubdur. Komanda yoldaşlarımın bəzilərində bir az gərginlik var idi. "Qarabağ” yaxşı oynamağımıza imkan vermirdi. Bu komandaya qarşı hücuma çıxmaqda çətinlik çəkirdik.
- "Netçi” ilə matçda Elton Yaqublu ilə olan mübahisə ilə bağlı fikirlərini öyrənmək istərdik...
- Sadəcə, bir oyun epizodu idi. Anlaşılmazlıq oldu. Biz oyundan sonra paltardəyişmə otağında bu barədə söhbət etdik. Son dəqiqələrdə qol buraxmaq istəmirdik. Bir qədər gərginlik var idi. İstər-istəməz anlaşılmazlıq yarandı. Biz hər şeyi müzakirə elədik. Aramızda heç bir problem yoxdur. Baş məşqçi hər ikimizi cəzalandıracaq.