"Evdə oynadığımızdan, qələbə qazanmalı idik. Bunu göz önünə gətirərək, meydana 3 xal üçün çıxmışdıq. Belə də oldu və azarkeşlərimizi sevindirə bildik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Amil Yunanov evdə "Keşlə"ni 3:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XI tur matçından sonra deyib. 24 yaşlı hücumçu vurduğu qolla bombardirlər siyahısında "Qarabağ"ın forvardı Mahir Mədətov və "Qəbələ"nin ön xətt oyunçusu Baqali Daboya çatıb. Hazırda Yunanov 5 qolla ilk "3-lük"də yer alıb. Lakin o, daha çox fərqlənmək istədiyini söyləyib: "Sevinirəm ki, qol vurdum. Hələlik hər şey yaxşı da olmasa, normal gedir. Düzdür, qol vururam, amma qol epizodlarını da qaçırıram. İnanıram ki, turdan-tura bu da düzələcək. Qollarımın sayını daha da artırmaq üçün yalnız və yalnız öz üzərimdə çalışmalıyam. Uğurun yolu çalışmaqdan keçir. Mütəmaddi olaraq oynayıram. Hər şey özümdən asılıdır".
Yunanov oyundan sonra paltardəyişmə otağında matçla bağlı müzakirələrin getmədiyini də diqqətə çatdırıb: "Ümumiyyətlə, oyundan dərhal sonra heç vaxt bu barədə danışmırıq. Udmuşuqsa, bir-birimizi təbrik edir, uduzmuşuqsa, bir-birimizə təsəlli verərək, gedirik".
Qeyd edək ki, "Keşlə" ilə görüşdə "Sumqayıt"ın digər qolları avtoqoldan qeydə alınıb. Qonaq komandanın müdafiəçiləri Denis Silva Kruz və Adrian Skarlatake qapıların yerini səhv salıb.