Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Futbolumuzun tarixi: heç kim və heç nə unudulmur" layihəsinin icrasını davam etdirir. Üçüncü yazıda hakimlərlə bağlı qalmaqallardan söhbət açacağıq.
Hakimliklə bağlı xoşagəlməz hallar futbolun ayrılmaz hissəsidir. Dünyanın istənilən yerində bu tip qalmaqallara rast gəlinir. Azərbaycanda da müstəqillik dönəmindən bəri yol verdikləri nöqsanlara görə bir çox ədalət təmsilçilərinin "qələmi qırılıb”. Aralarında futboldan ömürlük uzaqlaşdırılanları da görmüşük, sonradan əfv edilənləri də. Təəssüf ki, çox ciddi səhvlər buraxıb, hələ iş başında olanlar da var.
"Qara siyahı”dakı parlaq simalar
"Qara siyahı”ya düşənlər sırasında tanınmış simalar da az deyil. Azərbaycanın ilk FİFA hakimləri olan Xaqani Məmmədov, Tahir Süleymanov və Asim Xudiyev "üçlüy"ündən yalnız sonuncu sanksiya ilə üzləşməyib. T.Süleymanov hələ mərhum Fuad Musayevin AFFA prezidenti olduğu vaxt hakimlikdən kənarlaşdırılmışdısa, X.Məmmədov 2005-ci ildə "Turan” – "İnter” matçından sonra məşhur qatar qalmaqalına görə - Tovuzdan Bakıya qonaq komandanın baş məşqçisi Anatoli Konkovla eyni kupedə qayıtması ittihamı ilə cəzaya məruz qalmışdı. Lakin 2008-ci ildə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin təşəbbüsü ilə o, Hakimlər Komitəsinin sədri təyin edildi.
Son 25 il ərzində "qələmi qırılan”ların siyahısında Rövşən Əhmədov, Nemət Mahmudov, Zöhrab Qədiyev, Munis Abdullayev, Məhəmməd Məmmədov, Emil İsgəndərov, İmanxan Sultani, Babək Quliyev, Anar Salmanov, Elçin Məmmədov, Elnur Muradov, Anar Niyazov kimi simalar da var.
Bu gün R.Əhmədov, Z.Qədiyev, M.Abdullayev və M.Məmmədov Topaz Premyer Liqasının matçlarına, N.Mahmudov isə I Divizion qarşılaşmalarına hakim-inspektor kimi təyinat alırlar ki, bu da nonsensdir. Vaxtilə nöqsana yol verib, cəza alanların indi hakimlərin işinə qiymət vermələri, yumşaq desək, biabırçılıqdır. Lakin bu cür yanaşma futbol ictimaiyyəti üçün yenilik deyil. Çünki onlardan bəziləri, məsələn, R.Əhmədov, M.Abdullayev, N.Mahmudov, E.İsgəndərov, A.Niyazov və A.Salmanov sonradan əfv edilərək, yenidən təyinat alıblar. Sonuncu üç şəxs hətta, ikinci dəfə cəzalanmağa macal tapıblar.
Babək Quliyevlə Anar Niyazovun belini qıran "h” bəndi
Azərbaycan futbolunda hakimliklə bağlı ən böyük qalmaqal 2009-cu ilin martında yaşandı. Peşəkar Futbol Liqasının və Hakimlər Komitəsinin referilərlə bağlı apardığı araşdırma nəticəsində iki baş hakim cəzalandırıldı. Həmin vaxt açıqlanan qərarda deyilirdi: "Hakimlər Komitəsinin "Nizam-İntizam Kodeksi”nin 1-ci maddəsinin "h” bəndinə uyğun olaraq, Babək Quliyevlə Anar Niyazov hakim adına xələl gətirən nöqsanlara yol verdikləri üçün bütün yarışlardan uzaqlaşdırılıblar”.
Futbol üzrə FİFA referisi olan B.Quliyevlə futzalda eyni status daşıyan A.Niyazovun məhz nəyə və ya nələrə görə kənarlaşdırılmasının səbəbləri açıqlanmasa da, onların bəzi klub rəhbərləri ilə danışıqlara getdikləri, bəzi matçlarda rüşvət müqabilində müəyyən komandalara simpatiya göstərdikləri iddia olunurdu. Nəticədə referilər fərqli mövqe tutdular. B.Quliyev PFL və Hakimlər Komitəsinə müharibə elan etdi, ölkə başçısına qədər şikayət məktubu yazdı. Lakin yekunda bəraət almadı. O, 2013-cü ilin fevral – may aralığında "Xəzər Lənkəran”da idman direktoru işləsə də, hazırda futbol sektorunda deyil.
Qazaxda ilişən sabiq FİFA referisi
B.Quliyevdən fərqli olaraq, A.Niyazov AFFA-nın mərhəmətinə ümid edib, sakit dayandı və cəmi bir il sonra hakimliyə qayıtdı. Lakin bu dəfə I Divizion matçlarında "iş başında” oldu.
AFFA bir də 2016-cı ildə ayıldı ki, A.Niyazov I Divizionda da dinc durmur. Bu ilin martında milli assosiasiyanın İcraiyyə Komitəsi danışılmış oyunlara görə 9 futbolçunu və A.Niyazovu AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırdı. Sabiq referiyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edildi.
Səkkiz il əvvəl olduğu kimi, bu dəfə də AFFA A.Niyazovun hansı oyuna görə ilişdiyini açıqlamır. Lakin sabiq FİFA referisinin bu dəfə harada özünü "yandırdığını” bilirik və ilk dəfə elə bu yazıda açıqlayacağıq. Bu, ötən mövsümün I turu çərçivəsində keçirilmiş "Göyəzən” – "Şahdağ” görüşüdür. Qazaxda baş tutan və 1:1 hesabı ilə yekunlaşan matçın danışılmış olduğuna əmin olmaq üçün aşağıdakı videoda vurulan qolları izləmək kifayətdir. Lakin təəssüf ki, PFL-in yayımladığı videoicmalda A.Niyazovun "qəhrəmanlığı”nı görmək mümkün deyil. O, lazımi nəticənin qeydə alınmasında köməklik göstərmək üçün "B” variantı qismində qarşılaşmaya təyinat alıb. Plana əsasən, oyunun həm əsas vaxtı, həm də uzatma dəqiqələri heç-heçə bitməli imiş. Lakin meydan sahibləri ilk hissədə qol vurmaqla işi korlayıblar. Belədə A.Niyazov məsələyə müdaxilə etməli olub və təmiz qolu saymayıb.
]
Döyülən Habil Əliyevin itən yaddaşı
Azərbaycan futbolunda hakimlərin döyülməsi faktı dəfələrlə olub. Lakin bir matç var ki, onun görüntülərini hər dəfə təbəssümlə izləyirik. Bu, 2004-cü il noyabrın 21-də XI tur çərçivəsində baş tutan "Karat” – "Qarabağ” matçıdır. Sözügedən görüşdə hesab 2:2 olan zaman qonaqlar qələbə topunu vurur. Ancaq meydan sahiblərinin üç futbolçusu – Ruslan Quliyev, Vüqar İsmayılov və Samir Məmmədovun yan xətt hakimi Habil Əliyevə fiziki təzyiq göstərməsindən sonra laynsman fikrini dəyişir. Buna rəğmən, İntizam Komitəsi "Karat”a texniki məğlubiyyət verməklə yanaşı, hakimi döyən "üçlüyü” mövsümün sonuna qədər futboldan uzaqlaşdırır.
]
"Youtube qəhrəmanı” – Ramil Diniyev
Hazırda Topaz Premyer Liqası matçlarına təyinat alan Ramil Diniyevi rahatlıqla "youtube qəhrəmanı” adlandıra bilərik. Onun adını axtarışa verən zaman çoxlu sayda qalmaqallı matçlar çıxır. Ancaq bunlardan birini təcrübəli referinin "möhürü” saymaq olar. Söhbət 2011-ci il avqustun 20-də III tur çərçivəsində keçirilmiş "İnter” – "Bakı” qarşılaşmasından gedir. Oyunun 48-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Enyo Krastovtsev cərimə meydançasında əllə oyuna görə sarı vərəqə alır və meydan sahiblərinin qapısına penalti təyin olunur. Lakin Aleksandr Şoliç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilmir. Hər kəs görüşün 0:0 hesabı ilə başa çatacağını düşündüyü vaxt - 90+2-ci dəqiqədə "İnter”in qapıçısı Georgi Lomaya cərimə meydançasında topu tutarkən ayağı Nurlan Novruzovun sinəsinə dəydiyi üçün Diniyev daha bir penalti təyin edir, qapıçıya isə "qırmızı” göstərir.
Elə bu vaxt "İnter”in prezidenti Georgi Nikolov komandasını meydandan çıxarır və oyun başa çatmır. Düzdür, sonradan İntizam Komitəsi "bankirlər”ə texniki məğlubiyyət verir. Lakin bu hadisənin ardından paytaxt klubunun oyunlarında hakim "sərgüzəşt"lərinə demək olar ki, rast gəlinmir.
Ölkə futbolunda hakimliklə bağlı qalmaqalların sayı yetərincədir və onların hamısına bir yazıda toxunmaq mümkünsüzdür. Nemət Mahmudovun "Şəmkir” – "ANS Pivani” oyununda top qapı xəttindən aşkar keçmədiyi halda, qolu qeydə alması indiyə kimi xatırlanırsa, demək ki, ədalət təmsilçilərimiz yaddaşlarda "iz buraxa" biliblər. Lakin yaşanan bütün xoşagəlməz hadisələri yalnız ədalət təmsilçilərinin ayağına yazmaq da ən azı ədalətsizlik olar. Onlar həm də nəhənglərin duellərində "günah keçisi” seçilən şəxslərdir...
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
Bombardirlər: Leandro Andrade ("Qarabağ") - 11, Felipe Santos ("Araz-Naxçıvan"), Cesse Sekidika ("Sabah") - hər ikisi 9, Davit Volkov ("Zirə"), Salifu Suma ("Zirə"), Coy-Lens Mikels ("Sabah") - hamısı 8, Pavol Şafranko ("Sabah"), Nəriman Axundzadə ("Qarabağ") - hər ikisi 7 qol.