"Qəbələ" klubunun futbolçusu Ruslan Qurbanov keçmiş komandası "Neftçi" ilə bu gün səfərdə keçirdikləri Topaz Premyer Liqasının XII tur matçında özü ilə bağlı məsələlərə aydınlıq gətirib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu ilk qolu vurduqları künc zərbəsi epizodundan əvvəl hakimin səhvə yol verdiyini etiraf edib.
Qurbanov deyib ki, həmin epizodda top "Neftçi"nin müdafiəçisi Anton Krivotsyuka deyil, məhz onun ayağına dəyərək meydandan çıxıb. Lakin 26 yaşlı forvard işinin komandasına xeyir verməkdən ibarət olduğunu vurğulayıb: "Mən futbolçuyam. İşim futbol oynamaq və komandama faydalı olmaqdır. Bəli, top məndən çıxmışdı. Amma bu, öz səhvim deyildi. İstəməzdim ki, səhvə yol verən hakim də buna görə əziyyət çəksin".
Qurbanov penalti zərbəsi zamanı topa məhz özünün yaxınlaşmasının səbəbini isə belə izah edib: "Bu mövsüm qol vura bilməmişdim. Halbuki, hücumçu kimi məqsədim hər zaman qol vurmaqdır. Bu, ilk qolum idi. "Neftçi"yə, azarkeşlərinə, rəhbərliyinə hörmətlə yanaşıram. Orada illərim keçib. İstəməzdim ki, kimsə mənim barədə pis sözlər desin. Fikrimcə, hər kəs anlayır ki, bu, futboldur".
Qeyd edək ki, Ruslan Qurbanov komandası 0:1 hesabı ilə geridə olduğu vaxt - 21-ci dəqiqədə Elvin Məmmədovun əvəzinə meydana daxil olub. Bundan dərhal sonra o, qolla nəticələnən mübahisəli künc zərbəsi qazanıb. "Neftçi" ikinci hissədə yenidən önə keçdikdən sonra isə Ruslan Qurbanov 56-cı dəqiqədə penaltidən fərqlənib. Görüş isə "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 3:2.