"Neftçi” noyabrın 25-də Topaz Premyer Liqasının XIII turu çərçivəsində "Keşlə” klubu ilə qarşılaşacaq. Sportnet.az-ın məlumatına görə, "Bakcell Arena”da keçiriləcək oyun saat 17:00-da start götürəcək.
Flaqman əvvəllər "Xəzər Universiteti” və "İnter” adlanan rəqiblə indiyədək 52 çempionat oyununda üz-üzə gəlib. "Ağ-qaralar" bu görüşlərdən 25-də qələbə qazanıb, 13-də məğlub olub. 14 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi də "Neftçi”nin xeyrinədir – 77:53.
Qocaman klub indiyədək "Keşlə” ilə keçirdiyi 25 ev oyunundan 13-də qalib gəlib. Digər matçlardan 8-də heç-heçə, 4-də məlubiyyət qeydə alınıb. Bu oyunlarda rəqib qapısından 43 top keçirən "Neftçi” öz qapısından 24 top buraxıb.
Bu mövsümün ilk dövrəsindəki oyun "İnter Arena”da olub. Sentyabrın 29-da keçirilmiş matçda "Neftçi” 2:0 hesabı ilə qalib gəlib. Qolları Derlis Meza Kolli (60-cı dəqiqə) və Rəhman Hacıyev (72-ci dəqiqə) vurub.
80 illik yubileyində bu rəqiblə keçirdiyi bütün oyunlarda qələbə qazanan "Neftçi” son 2 ildəki 7 matçdan 6-nı qalib başa vurub, son 4 qarşılaşmanın hamısından 3 xal əldə edib.
Qeyd edək ki, "Neftçi"yə qarşı yeni adı ilə ilk dəfə meydana çıxacaq "Keşlə” bu mövsüm çempionatdakı son 6 oyunda məğlub olub.