"Bilirdik ki, çətin oyun olacaq. Yaxşı ki, üç qol vurduq. Əsas olan isə qələbə qazanmaq idi. Növbəti qələbəyə görə hamımız sevinirik. Bəli, dubl etdim. Zədədən sonra işlərim qaydasında gedir və qollar vurmağım mənim üçün də yaxşıdır".
Spornet.az xəbər verir ki, buni "Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç "Keşlə” üzərində 3:0 hesablı qələbə qazandıqları Topaz Premyer Liqasının XIV tur oyunundan sonra deyib.
Matçda "dubl" edən xorvatiyalı futbolçunun ikinci qolu paytaxt təmsilçisi ilə görüşlərdə 100-cü qol kimi tarixə düşüb. Lakin o, tarixə düşməsindən xəbərsiz olduğunu söyləyib: "Əsas odur ki, hazırda zədəm yoxdur, hər şey yaxşıdır. "Qəbələ”nin "Keşlə”yə 100-cü qolunu mən vurdum? Bu haqda heç məlumatım yox idi. Şadam ki, 100-cü qolu özüm vurmuşam. "Səbail”ə qarşı ölkə kubokunda iki oyunumuz var. Məncə, hər iki matç da ağır keçəcək. Ancaq "Qəbələ” indi yaxşı formadadır. Uğurlu çıxış edə bilərik".
Ozobiç "Səbail"ə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final oyunları barədə də danışıb: "Yaxşı nəticələrin ardını "Səbail”lə oyunda da gətirərək mərhələ adlamaq istəyirik. Həm ölkə çempionatında, həm də ölkə kubokunda mübarizə aparmaq bizim üçün çətin deyil. Bu, belə də olmalıdır. "Qəbələ” hər iki cəbhədə uğurlu nəticə üçün oynayır. İndi əsas olan "Səbail”i keçməkdir. Sonra isə oyunlar çoxdur”.