AFFA-nın "danışılmış oyun" işi çərçivəsində ömürlük futboldan uzaqlaşdırma cəzası kəsdiyi "Neftçi"nin məşqçi-metodisti Ağakişi Mehdizadə ilə bağlı şok faktlar üzə çıxıb. Sportnet.az-ın məlumatına görə, "Bobo" ləqəbli Mehdizadənin Topaz Premyer Liqasının XIII turunda flaqmanla oyun öncəsi "Keşlə"nin bir neçə futbolçusunun ələ alınmasında birbaşa rolu olub.
O, aralarında Nizami Hacıyev və Mirhüseyn Seyidovun da olduğu qruplaşmanın hər bir üzvünə 5000 dollar boyun olub. Əvəzində "Neftçi" - "Keşlə" matçının nəticəsinin müxtəlif kombinasiyalı manipulyasiyası üçün xaricdəki bukmeyker kontorlarına qoyulmuş 100 min dolların qarşılığında minimum 400 min dollar qazanc götürülüb. Bu barədə Sportnet.az hələ dekabrın 1-də
yazmışdı.
Bu yazıdan sonra araşdırmaya başlayan "Neftçi" rəhbərliyi məsələnin izinə düşüb. Mehdizadənin həqiqətən də belə əmələ yol verdiyi təsdiqlənib. Valideynlərindən biri yunan əsilli gürcü olan "Bobo" hələ Kaxaber Tsxadadzenin baş məşqçiliyi dövründə "Keşlə"nin sələfi "İnter"də çalışmağa başlayıb, lakin Pyotr Noyştedterin klubun Uşaq-Gənclər Futbol Məktəbinə rəhbər təyinatından sonra - 2016-cı il iyununda işini itirib. Mehdizadə bundan cəmi bir ay sonra "Neftçi"nin əvvəlki baş məşqçisi Elxan Abdullayevin istəyilə "ağ-qaralar"a analitik videoların hazırlanması üzrə metodist təyin olunub.
Lakin onun keçmiş klubunun "qocaman" futbolçuları ilə əlaqələri itməyib, əksinə, get-gedə genişlənib. "Bobo"nun həyata keçirdiyi əməlin üstü isə belə açılıb: "Keşlə" ilə qarşılaşmadan əvvəl "Bobo" "Lazım gəlsə, bu oyunu alaram" ifadəsini işlədib. O, məhz xarici bukmeyker kontorları vasitəsilə oyunçuları ələ almasına işarə vurub. Bu sözlər baş məşqçi Ramiz Məmmədovun qulağına çatıb. Belə işlərdə "xüsusi səriştə"si olan Məmmədov matçın danışılmış olduğunu müəyyənləşdirməkdə çətinlik çəkməyib.
Məsələdən xəbər tutan "Neftçi" rəhbərliyi isə dərhal reaksiya verərək, qısa müddətli araşdırmadan sonra faktı sübuta yetirib. Klub bu addımı ilə Azərbaycan futbolunda şəffaflığın tərəfdarı və daxildə pis əməllərlə məşğul olanları tapmaqda maraqlı olduğunu nümayiş etdirib.
Qeyd edək ki, Ağakişi Mehdizadədən əlavə, Nizami Hacıyev və Mirhüseyn Seyidov da futboldan ömürlük kənarlaşdırılıb. "Neftçi" - "Keşlə" matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.