"Qarabağ”ın sabiq futbolçusu Reynaldo da Silva karyerasını Slovakiyanın "Spartak” klubunda davam etdirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə Trnava təmsilçisinin rəsmi saytı məlumat yayıb. Komandanın baş məşqçisi Nestor El Maestor 29 yaşlı hücumçu barədə xoş sözlər deyib. O, braziliyalının liqaları üçün bəlli keyfiyyətlərə malik yaxşı oyunçu olduğunu söyləyib: "Son 6 ayda heç bir matçda meydana çıxmayıb. Bu, problem olsa da, oxşar təcrübəmiz var. Yasin Pehlivan bütün il ərzində oynamamışdı. Hər şey qaydasına düşəcək”.
Qeyd edək ki, Reynaldo 2013 - 2016-cı illərdə "Qarabağ”da çıxış edib. O, yay fasiləsində Türkiyə təmsilçisi "Adanaspor”dan ayrıldıqdan sonra klubsuz qalmışdı.