1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sadıq Sadıqovun "Neftçi"si - LAYİHƏ
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Futbolumuzun tarixi: heç kim və heç nə unudulmur" layihəsinin icrasını başa çatdırır. Sonuncu yazı "Neftçi”nin tarixinə qalib prezident kimi düşən Sadıq Sadıqova həsr olunub.
Sadıq Sadıqov 2009-cu ilin dekabrında "Neftçi”ni Əkbər Hacıyevdən təhvil alanda, paytaxt təmsilçisi nəinki çempionluğu, mükafatçılar sırasına düşməyi yadırğamaq üzrə idi. Lakin rəhbər postda baş verən dəyişiklik xalq komandasının önündə yeni üfüqlər açdı...
Sadıqovun 5 il 3 ay prezident postunda olduğu dönəmdə paytaxt klubu 3 dəfə Azərbaycan çempionu (2010/11, 2011/12, 2012/13), 2 dəfə ölkə kubokunun qalibi (2012/13, 2013/14) oldu. Ən önəmlisi isə "Neftçi” avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşdü.
Yeri gəlmişkən, "Neftçi” Sadıqovun prezidentliyi dövründə müxtəlif yarışlarda üst-üstə 219 matç keçirib. Bunların 104-də qələbə qazanan bakılılar 62 heç-heçə edib və 53 dəfə uduzub.
2009-cu ilin dekabrında prezident postuna gələndən sonra Sadıqovun ilk həmləsi qış fasiləsində heyətə əl gəzdirməsi, növbəti addımı 2010-cu ilin fevralında baş məşqçi postunda Vaqif Sadıqovu Arif Əsədovla əvəzləməsi oldu. Düzdür, "Neftçi” 2009/2010 mövsümünü titulsuz başa vurdu. Lakin artıq ümid vəd edən bir komanda formalaşmaqda idi. Üstəlik, Flavinyo, İqor Mitreski, Slavço Georgiyevski, Saşa Stamenkoviç, Bahodir Nasimov kimi legionerlərin heyətə cəlb edilməsi ilə paytaxt klubu daha üstün futbol sərgilməyə başlamışdı.
Flaqman 2011-ci ildə Arif Əsədovun rəhbərliyi altında 6 ildən sonra sona 3 tur qalmış 6-cı dəfə Azərbaycan çempionu olsa, Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində Xorvatiyanın Zaqreb "Dinamo”suna məğlubiyyət (0:0, 0:3) baş məşqçi dəyişikliyi ilə nəticələndi. "Ağ-qaralar” Böyükağa Hacıyevə həvalə olundu. "Zəif” ləqəbli mütəxəssis isə nə qədər güclü olduğunu əldə etdiyi nailiyyətlərlə isbatladı...
2011/2012 mövsümünün qalibi kimi ÇL-ə vəsiqə qazanan "Neftçi" mübarizəyə II təsnifat mərhələsindən başladı və Gürcüstan çempionu "Zestafoni"dən güclü oldu (3:0, 2:2). Bakılılar növbəti mərhələdə İsrailin "Kiryat Şmona" klubuna uduzsalar da (2:2, 0:4), Avropa Liqasının pley-off mərhələsində çıxış etmək imkanı əldə etdilər. Burada Kiprin APOEL klubunu iki oyunun nəticəsinə görə 4-2 (1-1,3-1) məğlub edən "Neftçi” Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu.
2012/2013 mövsümündə Hacıyevin ardıcıl 2-ci çempionluğu, komandanın isə ardıcıl 3 mövsüm çempion olması, bununla yanaşı, həm də ölkə kubokunu qazanması "Neftçi"nin Azərbaycan futbol tarixi ərzində 3-cü dəfə "qızıl dubl" edən ilk komanda olması ilə əlamətdar oldu. Gəl ki, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyən paytaxt klubu mübarizəyə başladığı II itəsnifat mərhələsində Albaniya "Skenderbeu"su önündə duruş gətirə bilmədi (0:0, 0:1). Məhz bu uğursuzluqdan sonra Hacıyev istefa verdi və komanda müvəqqəti olaraq Tərlan Əhmədovun başçılıq etdiyi məşqçilər korpusuna həvalə edildi. "Neftçi”nin 2013-cü ildə Azərbaycan Superkubokunda əzəli rəqibi "Xəzər Lənkəran"a minimal hesabla məğlub olması ilə Əhmədov da istefaya göndərildi.
2013-cü il oktyabrın 26-da Nazim Süleymanovu baş məşqçi postuna gətirən Sadıqov 2014-cü il yanvarın 8-də ona da qapını göstərdi. Yarım illik fasilədən sonra Hacıyev yenidən baş məşqçi təyin edildi. 2014-cü il mayın 22-də "Neftçi" finalda "Qəbələ”ni məğlub etməklə 6-cı dəfə Azərbaycan Kubokununa sahib oldu. Ancaq bu dəfə də avrokubokdakı uğursuzluq "Zəif”in göndərilməsi ilə nəticələndi.
2014-cü il sentyabrın 4-də 3 illik fasilədən sonra Arif Əsədov yenidən baş məşqçi təyin edilsə də, artıq Sadıqovlu "Neftçi” qürub çağını yaşayırdı. Müşahidə Şurasının təsis edilməsi, klubdakı kadr dəyişikliləri hekayənin başa çatmaq üzrə olduğuna işarə edirdi. Nəhayət, 30 mart 2015-ci il tarixində Sadıqov postunu təhvil verdi. Onun gedişi klubun çətin günlərinə təsadüf etsə də, yaddaşlarda hər zaman qalib prezident kimi qalacaq.
Sadıqov "Neftçi”dən ayrılsa da, idman sahəsində fəaliyyətini davam etdirməkdədir. O, "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir...
Sadıqovlu "Neftçi” haqda danışanda, onun əsas silahdaşı Tahir Süleymanov da yada düşən simalardandır. Sabiq-vitse prezidentlə söhbət həmin dönəmi daha aydın təsəvvür etməyə kömək oldu.
Süleymanov deyir ki, Sadıqov "Neftçi”ni təhvil alanda klubun durumu çox acınacaqlı idi: "Uzun illər idi çempionluq qazanılmırdı. Heyətdə yüksək ödənişli 10-dan çox legioner futbolçu var idi. Bu azmış kimi araşdırma aparandan sonra məlum oldu ki, 10-a yaxın əcnəbi məşqçi, futbolçularla bağlı 3-5 milyon dollarlıq FİFA şikayətləri var. Klubda psixoloji durum, özünəinam yox dərəcəsində idi. Bütün bunlara baxmayaraq bir dəfə də olsun bunları qabartmadıq. "Neftçi" tarixi klubdur. Azarkeşləri, ictimaiyyəti problemlər deyil, nəticələr maraqlandırır. Elə kluba ona görə gəlmişdik ki, flaqmanın liderliyini geti qaytaraq”.
Süleymanovun fikrincə, prezidentin təcrübəsi ilə idarəçilikdə olan nöqsanlar dərhal aradan qaldırılıb: "İlk olaraq, klub prezidenti Sadlq Sadıqovla görüşümüzdə ciddi müzakirələrimiz oldu. Sadıq müəllimi öncədən də tanıyırdım, lakin birgə fəaliyyətimiz olmamışdı. Futbola baxışı, klubla bağlı fikirləri çox önəmli idi. İlk görüşümüzdən mənə inandığını bildirdi və iddialı insan, rəhbər olduğunu göstərdi. İddialarımız tam olaraq üst-üstə düşürdü. Qalırdı futbol baxımından "Neftçi"nin strategiyasının müəyyənləşdirməsi. Prezidentin təcrübəsi ilə idarəçilikdə olan nöqsanlar dərhal aradan qaldırıldı. Klub, komandanın formalaşdırılması üçün xüsusi proqram hazırladıq. "Neftçi" tarixi ənənələrə malik komanda olduğu üçün illərlə formalaşmış oyun üslübunun komandaya qaytarılmasını əsas məqsəd saydıq. Tarixi klublarda uğurun təməli budur. Əsas yükü öz üzərimizə götürərək "məşqçi dəvət edək, özü bilər" prinsipindən uzaq durduq. Əksinə, "Neftçi"nin oyun fəlsəfəsinə uyğun məşqçi, futbolçuların komandaya dəvət olunmasına üstünlük verdik. Klubda idarəçilik sistemi, təməli güclü təşkil olunduğuna görə 5 mövsüm ərzində fərqli məşqçi, futbolçularla çempionluqlar, kuboklar qazanıldı. Əsas istiqamət yerli, öz yetirmələrimizə üstünlüyün verilməsi və az sayda keyfiyyətli legionerlərin komandaya cəlb olunması idi. Eyni zamanda ölkə çempionatında uğurları minimum hədəf kimi müəyyənləşdirdik. Hədəf Avropada qruplar idi. Strategiyamızı çəkinmədən ictimaiyyətə açıqladıq”.
Sabiq vitse-prezident hesab edir ki, "Neftçi” rəqabətin daha yüksək olduğu zamanlarda önəmli nailiyyətlər əldə edib: "İndiki 8 komandalı rəqabətsiz çempionat deyildi. "Xəzər Lənkəran", "Bakı", "Qarabağ", "İnter", "Qəbələ" hər mövsüm çempionluq uğrunda amansız yarışırdılar. Digər klublar, "Simurq", AZAL və başqaları avrokuboka vəsiqə qazanmaq üçün mübarizə aparırdılar. Belə durumda dağıdılmış "Neftçi"ni ayağa qaldırmaq, liderliyini geri qaytarmaq böyük güc, zəhmət tələb edirdi. İlk mövsümdəcə bunu bacardıq, ardıcıl çempionluqlar qazanıldı. İkinci mövsüm isə "Neftçi" Azərbaycan tarixində ilk dəfə Avroliqanın qrupuna vəsiqə əldə etdi. Bu uğuru heç kim gözləmirdi. Azərbaycana gələn yüksək ödənişli Toni Adams, Mirça Rednik, Aleksandr Starkov və digər adlı-sanlı məçqçilər qrup adını dillərinə gətirməyə belə qorxurdular. Yerli uğursuz məşqçilərdən isə danışmağa dəyməzdi. Uzun illər ərzində qorxaq, məğlubedici psixologiya futbol ictimaiyyətində beyinlərə yeridilmişdi, inandırılmışdı. Qruplar əlçatmaz sayılırdı. Verdiyimiz sözə əməl edərək bu səddi aradan götürdük və klub səviyyəsində minimum hədəfi müəyyənləşdirdik. Bu sabahkı qələbələrin təməli idi”.
Süleymanovun fikrincə, Sadıqov "Neftçi"dəki fəaliyyətini davam etdirsəydi daha böyük uğurlara imza atacaqdı: "Neftçi"nin büdcəsi aparıcı klublar arasında 4-cü idi. Lider klublar arasında çaşqınlıq yarandı. Büdcəsi bir neçə dəfə çox olan klubların sponsorları öz idarəçiləri, məşqçilərinə "Neftçi"ni nümunə göstərməyə başlayaraq tələbi artırdılar. Milli komandanın da bərbad çıxışı fonunda "Neftçi"nin uğurları futbol idarəçilərinə sərf etmədi. Çətinliklərə baxmayaraq, yolumuza davam edir, "Neftçi" çempionluq, kubokları qazanırdı. 2012-ci ildə 5 illik strateji planımız hazır idi. Aşağı yaş qruplarına ciddi önəm verirdik. Hədəfimiz 2015-ci ildən heyətin 90 faizin öz yetirmələrimizdən ibarət olması, Flavinyo, Vobaydan daha səviyyəli 5-6 legioner futbolçunun heyətə qatılması idi. 2018-ci ilə "Neftçi" büdcəsinin 80-90 faizinin özümüz tərəfindən qazanılmasını hədəf qoymuşduq və buna nail olacaqdıq. Bizə qarşı aparılan kompaniyadan əl çəkilmədiyini görüb son kuboku qazanaraq, qalib kimi "Neftçi"ni tərk etdik”.
Süleymanov deyir ki, Sadıqovun 2015-ci ildə "Neftçi”dən ayrılmasının futbolun inkişafına dair Dövlət Proqramının müddətinin başa çatması ilə əlaqəsi yoxdur: "Qısa uğursuzluqlar bütün komandalarda ola bilir. Vaxtilə Qurban Qurbanovlu "Qarabağ" Avroliqa zonasına vəsiqə belə qazana bilmədi. Buna baxmayaraq, rəhbərlik dəstək verdi və bu gün nəticələri bütün Azərbaycan görür. Əsas səbəb mənasız, məhvedici şuralaşma qərarı idi. "Neftçi"nin son illərdəki biabırçı nəticələri, autsayder duruma düşməsi, "Kəpəz"də baş verənlər dediklərimə əyani sübutdur. "Neftçi" Sadıq Sadıqov dönəmində müstəqillik tarixinin ən uğurlu dönəmini yaşayıb. Beş mövsüm ərzində klub heç vaxt titulsuz qalmayıb, liderlik mövqeyini qoruyub. Planlı şəkildə aparılan kampaniya, təzyiqlər olmasaydı, "Neftçi" uğurlarını davam etdirib daha böyük nəticələr qazanacaqdı”.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir