1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nicat Qurbanov: "Zirə"nin hədəfi çempionluq deyil" - MÜSAHİBƏ
"Sumqayıt" klubunun yeni transferi Nicat Qurbanovun Sportnet.az-a müsahibəsi
- "Zirə"ni tərk etməyinə səbəb nə oldu?
- Oynamaq istəyirdim, ona görə "Zirə"ni tərk etdim. Orada az şans qazanırdım. Baş məşqçi Ayxan Abbasovla söhbətim oldu. Bir-birimizi başa düşdük. O da istəyirdi ki, oynayım. Sadəcə, elə alınırdı ki, şans olmurdu. Danışdıq, razılaşdıq və ayrıldım.
- Məgər "Zirə"də rəqabətə dözmək bu qədərmi çətin idi?
- Rəqabət öz yerində, sadəcə, məşqçilərin də öz taktikaları, sistemləri olur. Bəlkə də bunlara uyğun gəlmədiyimdən, oynatmırdı.
- "Zirə"ni təkcə sən yox, Təmkin Xəlilzadə, David Manqa, Murad Səttarlı və Qabriel Matey də tərk edib. Sizcə, bundan sonra komandanın hədəfləri azalmayıb?
- Belə düşünmürəm. Gedənlərə yeni klublarında uğurlar arzulayıram. Bunlar baş məşqçi və oyunçuların qərarlarıdır. Deməli, yerlərini dolduracaq oyunçular var ki, onları buraxıblar.
- Qalan heyətlə "Zirə" çempionluq hədəflərindən uzaqlaşmayacaq?
- "Zirə"nin hədəfi çempionluq yox, ilk 3-lükdür. Bu gün komanda 3-cü yerdədir, məşqçi işi göz qabağındadır. "Zirə"nin nə dərəcədə irəli və ya geri getdiyini mövsümün ikinci yarısında görəcəyik.
- Avrokubok şansları indiyədək olmadığı qədər real görünən komandaya keçmisən. "Sumqayıt" Azərbaycan Kubokunda yarımfinala yüksəlib, Premyer Liqada isə ilk 2 dövrədən sonra 4-cü pillədədir. Belə bir şəraitdə mövsümün ikinci yarısından nə gözləyirsiniz?
- Əlbəttə, bunlar komanda üçün önəmli məqamlardır. Deməli, inkişaf var, klub düzgün yoldadır. Bu gün "Sumqayıt" Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparırsa, o deməkdir ki, komandanın ciddi məqsədləri var. Məndən başqa Elnur Abdullayev və Ülvi İsgəndərov da var. Əlimizdən gələnin ən yaxşısını etməliyik ki, komanda hədəfindən uzaq düşməsin. Çempionat və kubok oyunlarında komandaya kömək etməyə can-başla hazır olmalıyıq.
- "Zirə"ni oynamaq istəyi ilə tərk etdiyini dedin. Üç gündür "Sumqayıt"la məşqlərə başlamısan. Özünü göstərməyə imkan tapmısan, yoxsa qarşıdakı yoxlama görüşləri və Antalya toplanışı əsas heyət üzvünə çevrilməyin baxımından daha önəmli rol oynayacaq?
- Məşqlər hələ təzə başlayıb. Bu gün burdayıqsa, deməli, komandaya kömək etmək üçün gəlmişik. Amma son söz baş məşqçinindir. Samir Abasov necə məsləhət bilsə, elə də olacaq. Heç bir futbolçuya əsas heyət sözü verilməyib. Hər şey öz əlimizdədir. Məşqləri yaxşı etsək, rəqabətə hazır olduğumuzu göstərsək, əsas heyətdə də oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, komandaya faydalı olaq.