"Sumqayıt"ın "Keşlə"dən transfer etdiyi Elnur Abdullayevin Sportnet.az-a müsahibəsi...
- "Sumqayıt"a transferin necə gerçəkləşdi?
- "Keşlə" komandası ilə müqaviləm davam edirdi. "Sumqayıt"dan təklif gəldi və mən də dəyərləndirdim. Həqiqətən də "Sumqayıt"ı çox bəyənirdim. Axır vaxtlar bu komanda baxımlı oyun sərgiləyirdi. İnanıram ki, işlərim uğurlu alınacaq. "Sumqayıt" üçün əlimdən gələni edəcəyəm.
- Transferin klublararası danışıqlar nəticəsində gerçəkləşdi, yoxsa "Keşlə" sənə azad agent statusu verdi?
- "Keşlə" rəhbərliyi ilə problemim yox idi. Sağ olsunlar, danışdıq, anlaşdıq. Qarşılıqlı razılıq əsasında müqaviləmə xitam verildi və mən "Sumqayıt"a gəldim.
- Artıq 3 gündür məşqlərə başlamısınız. Yeni komandan barədə ilkin təəssüratların necədir?
- Hər şey yaxşı gedir. Mövsümün ikinci yarısında ağır oyunlarımız var. "Sumqayıt"ın ən yaxşı nəticələr göstərməsindən ötrü əlimizdən gələni edəcəyik.
- "Sumqayıt"ın yarımmüdafiə xəttindəki boşluqları aradan qaldırmağa qadirsən?
- Bu barədə heç nə deyə bilmərəm. Baş məşqçi belə qərar verib. Məni dəvət etdilər və təklifi dəyərləndirdim. Yarımmüdafiə xəttindəki boşluqlar barədə danışa bilmərəm. Ümumilikdə, "Sumqayıt" yaxşı komandadır. Deməzdim ki, zəif mövqeləri var. Hər şey baş məşqçinin planına uyğun gedir.
- "Keşlə"ni bir neçə futbolçu tərk edib. Halbuki qış fasiləsindən sonra komandanın güclənəcəyi deyilirdi...
- Klub rəhbərliyi belə qərar verib. Oyunçuların demək olar ki, 50-60 faizi ilə yollar ayrılıb. Qərara hörmətlə yanaşmaq lazımdır. Yeni komanda yaratmaq, kollektivə yeni nəfəs gətirmək istəyirlər. Uğurlar və ən yaxşı yerlər uğrunda mübarizə aparmağı arzulayıram.
- Səncə, buna qadirdirlər?
- "Keşlə"də 3 ilədək çıxış etdim. Orada həm yaxşı, həm də pis günlərimiz oldu. Uşaqlar yığışıb əllərindən gələni edərək, komandanı yaşatdılar. Çox pis, ağır günlər oldu. Komanda həqiqətən də dağılmaq üzrə idi. Lakin futbolçular kişi kimi oynadılar, Avropa Liqasında yaxşı çıxış etdilər. "Keşlə"nin bundan sonra da yaxşı nəticələr göstərməsini istəyirəm.
- Lakin sonda "Keşlə"nin adı xoşagəlməz olaylarda hallanmağa başladı...
- Həmin vaxt zədəli idim, evdə müalicə olunurdum. Heç nədən xəbərim olmadı. Amma yenə də mən belə söhbətlərə inanmıram. O uşaqlarla çörək kəsmişəm. Elə şeyi etdiklərinə inanmıram.
- Axı özləri etiraf edirlər...
- Mən inanmıram. Kim nə deyirsə, desin. Çörək kəsdiyim uşaqların belə iş tutmalarına inana bilmərəm. Təki onlar üçün də xeyirlisi olsun.