1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "Özümüzə əziyyət verəcək rəqib axtarırıq" - MÜSAHİBƏ
"Sumqayıt" komandasının baş məşqçisi Samir Abasovun Sportnet.az-a müsahibəsi
- Mövsümün ikinci yarısına hazırlıqlar necə gedir?
- Yanvarın 5-dən məşqlərə başlamışıq. Hazırlıq planımıza əsasən, iki həftə müddətində Sumqayıtda çalışacağıq. Bu müddətdə həm gündə bir dəfə, həm də iki dəfə məşq edəcəyik. Antalyaya yollananadək iki yoxlama oyunumuz olacaq. Birinci oyunumuz "Qaradağ Lökbatan"a, ikincisi isə "Səbail"ə qarşı olacaq. Hazırlıqlara normal başlamışıq. Yanvarın 9-na kimi bütün heyətlə məşq edəcəyik. Daha sonra komandanın 4 üzvü - Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ülvi İsgəndərov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına yollanacaq. Bir futbolçumuz isə U-19 yığmasına çağırılıb. Heyətimizdə azalma olacaq, amma fikirləşirik ki, əvəzedici heyətdən oyunçular cəlb etməklə bu boşluğu dolduraq. Hazırlıqlar yaxşı davam edir, ürəkaçandır. Biz tətilə çıxandan bir həftə sonra uşaqlara proqramları paylamışdıq. Görünən odur ki, uşaqlar bu proqramlara ciddi yanaşıblar. Məşq ediblər və tam hazır gəliblər. Bu da sevindirici haldır.
- U-19 və U21-ə dəvət alan futbolçuları nəzərə alsaq, Türkiyədəki toplanışa əvəzedici heyətdən oyunçu götürmək mümkündürmü?
- Mümkündür. Amma nəzərə almalıyıq ki, biz Türkiyəyə yanvarın 21-də yollanırıq. Yığmalara dəvət alan futbolçular isə 4 gündən sonra bizə qoşula biləcəklər. U-21 yığmasının toplanışı yanvarın 26-da bitəcək. O futbolçular 4-5 gün bizimlə olmayacaqlar. Daha dəqiqi, onlar ilk görüşdə - hələ adı müəyyənləşməyən rəqiblə qarşılaşmada iştirak etməyəcəklər. Millinin toplanışı bitdikdən sonra həmin 4 futbolçu bizə qoşulacaq və yenidən tam heyətlə məşqlərə davam edəcəyik.
- Rəqibləri necə qiymətləndirirsiniz?
- Artıq 3 rəqib bəllidir. İstər Makedoniyanın "Akademiya Pandev", istər Serbiyanın "Mladost", istərsə də Rusiyanın "Anji" komandaları normal və yaxşı rəqiblərdir. Klubumuzun meneceri Ceyhun Sultanova həddən artıq güclü rəqib istədiyimizi demişik. O biri rəqiblər də zəif deyil. Biz Türkiyə Superliqası və ya Avropanın 5 güclü çempionatında çıxış edən klublarla qarşılaşmaq niyyətindəyik. Bu məsələ Türkiyədə həllini tapacaq. Həmin rəqibin hələ də axtarışındayıq. Özümüzə əziyyət verəcək rəqib axtarırıq.
- Buna səbəb nədir?
- Biz başa düşürük ki, fasilədən sonra ardıcıl iki həddən artıq çətin oyunumuz var. "Zirə" ilə səfər, "Neftçi" ilə ev qarşılaşmalarına hazırlıq məqsədilə belə rəqib seçməyə məcburuq.
- Aydındır ki, çempionatda "Sumqayıt"ı ciddi rəqabət gözləyir. Üstəlik, Azərbaycan Kubokunun yarımfinal oyunları da var. Heyətə bu hədəflərə çata biləcək futbolçular cəlb olunubmu və hazırlıq səviyyəsini yüksəltməklə, istəyinizə nail ola biləcəksiniz?
- Böyük dəyişikliklərə əl atmamışıq. Buna lüzum da görmədik. Çünki işlərimiz qış fasiləsinə kimi o qədər də pis getmədi. Həm kubokda növbəti mərhələdə, həm də çempionatda istədiyimiz yerdəyik. Lakin başa düşürük ki, bundan sonra daha çətin olacaq. Cəmi 3 transfer etmişik. Biri "Qəbələ”nin əvəzedici heyətindən Ülvi İsgəndərov, digərləri isə tanıdıqlarınız - "Keşlə"dən Elnur Abdullayev və "Zirə"dən Nicat Qurbanovdur. İnarıram ki, hər hansı problem yaşanmasa, onlar bizim gücümüzə güc qatacaqlar. Bizə ən azı, kömək edəcəklər. Düşünürəm ki, komandanın üzvlərinin də əhvalı yüksək səviyyədədir. Biz rəqabətə tab gətirə biləcəyik.
- Mövsümün ilk yarısında oyunçu qıtlığından əziyyət çəkirdiniz. Ehtiyatda çox az futbolçu olurdu. Sizcə, 3 yeni oyunçu bu problemi aradan qaldıra biləcək?
- Ən azı, problemi aradan qaldırmağa kömək edəcək.
- Yenə transferlər gözlənilir?
- İndiki halda transfer siyasətimizdə hər hansı bir futbolçu yoxdur. Amma mən bunu müsahibələrimdə də demişəm ki, "Qəbələ”, "Qarabağ” və ola bilsin, "Zirə” hansısa futbolçunu oynatmırsa və ya icarəyə verməyi planlaşdırırsa, həmin futbolçu da bizə yararlı olsa, biz onu götürməyə hazırıq. Biz hansısa futbolçunu qaralamamışıq və nəzərimizdə eləsi yoxdur.
- Qış fasiləsinədək diqqət mərkəzində olan futbolçulardan biri kimi oynadığı mərkəz müdafiəçisi mövqeyi baxımından, Bəxtiyar Həsənalızadəni ön plana çəkmək olar. Ona hər hansı təklif varmı?
- Bəxtiyara təklifin gəlib-gəlmədiyini bilmirəm. Çünki o, bir az qapalıdır. Özü ilə bu haqda danışmamışam. Amma bildiyim qədərilə digər futbolçularımıza təkliflər gəlib. Onlarla danışmışıq. Adların açıqlamaq istəmirik. Onlara təklif göndərən klubların da dərinliyinə getməmişəm. Həddən artıq sevindirici haldır ki, çoxdandır komandamızda çıxış edənlərdən əlavə, qısa müddətir "Sumqayıt”da forma geyənlərə də təkliflər gəlib. Onlar isə cəmi 6 aydır komandamızda olsalar da, bizə bağlı oldular, bunu göstərdilər. Bizi tərk etmək istəməmələri və klubumuzda qalmaq istəmələri doğrudan da çox gözəl haldır.
- Yəni, onlar ən azı mövsümün sonunadək komandada qalacaqlar...
- Bəli. Ən azı mövsümün sonunadək. Mövsümün sonunda isə getməyi düşünmədiklərini vurğulayıblar. Halbuki, onlara super təkliflər gəlib.
- Bəs xaricdən təklif alanlar var?
- Xeyr. Hələ yoxdur. Komandama xeyirli təklif olacağını bilsəm, əziyyətimizə baxmayaraq, biz onu buraxacağıq.
- Milli komandaya çağırılan futbolçular barədə sizə məlumat verilib?
- Hələ yox.