Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Zaur Həşimovun Sportnet.az-a müsahibəsi
- Millinin toplanışını necə dəyərləndirirsiniz?
- Təlim-məşq toplanışı yanvarın 4-dən başlayıb. Hazırda komandada 26 futbolçu var. İlk həftəni də başa vurmuşuq. 4 nəfərlə yollarımızı ayırdıq. Onların yerinə 5 yeni futbolçu cəlb etdik. Bu, həm seleksiya xarakterlidir, həm də fiziki hazırlıqlara önəm veririk ki, uşaqlar daha hazırlıqlı olsunlar. Çünki fiziki hazırlığa fikir verməsək, futbolçular öz çempionatlarında zədə və digər problemlərlə qarşılaşa bilərlər. Amma bu, bütün uşaqların baxışdan keçməsi demək deyil. İndi 6 futbolçumuz U-19 millisindədir. Onlar 2001-ci il təvəllüdlü uşaqlardır. Bu gün Rusiyanın "Yenisey” klubundan bir futbolçu gəlməlidir. Toplanış ona görə yaxşıdır ki, fiziki hazırlıqlar keçməklə, uşaqların möhkəmliyini yoxlayırıq. Yanvarın 10-da "Keşlə"nin əvəzedicilərinə 0:2 hesabı ilə məğlub olduq. Belə oyunların keçirilməsində məqsəd uşaqların daha yuxarı səviyyəyə və hansı futbolçunun belə matçlara hazırlıqlı olduğunu bilməkdir. Özlərindən yaşca böyük və fiziki cəhətdən yaxşı komanda ilə oynamaqda əsas məqsəd uşaqları daha yaxşı tanımaqdır.
- Başqa yoxlama görüşü nəzərdə tutulub?
- Bəli, olacaq. Yanvarın 18-də iki oyun keçirməyi planlaşdırırıq. Biri "Zirə”nin əvəzedici heyəti ilə, biri də "Qarabağ”ın əvəzedici heyəti ilə. 2001-ci il təvəllüdlü uşaqlar hazırda 16 yaşı tamam olan uşaqlardır. 2018-ci ildə hamısının 18 yaşı tamam olacaq. Onların 2-si və ya 3-ü U-19 liqasında çıxış edir. "Sumqayıt”da isə 2001-ci ildən olan uşaqlar var. Samir Abasov onları əsas komandaya cəlb edib. Onların biri mənim komandamdadır, digəri isə U-19-un baş məşqçisi Vüqar Məmməddədir. Bəzi uşaqlar var ki, həqiqətən əvəzedici heyət səviyyəsində çıxış edə bilərlər. Qablarında nə isə var. Ümumi götürsək, U-17 liqası çox zəifdir. "Qəbələ” bütün matçları udur. Bir oyunda heç-heçə edib. 69 qol vurub. Hamını asanlıqla məğlub edirlər. Əvəzedici heyətlə oynayanda isə açıq görsənir ki, ”Qəbələ”nin futbolçuları da o səviyyədə deyil. Öz liqaları üçün əladır. Amma bir addım o tərəfə atanda hiss eləyirik ki, o baxımdan iş çoxdur, məsuliyyət böyükdür. Amma çəkinmirik. Çalışırıq ki, döyüşkən və mübariz bir komanda yığa bilək.
- U-20 və U-18-in yaradılmasında əsas məqsəd o oldu ki, aradakı futbolçular itməsin. Bunun yaxşı nəticə verəcəyini nə dərəcədə real sayırsınız? Yuxarı yaş qrupunun məşqçiləri ilə bu barədə danışmısınız?
- Elə bir sistem qurulub ki, fərq eləmir mən U-18-dəyəm, Vüqar müəllim U-19-da və s. U-17 hələ ki, burada oynamayıb. Bir-birimizin oyunlarında iştirak edirik. U-19-un matçında hamımız ordaydıq. U-17-nin oyunu Qəbələdə olacaq. Ora getmək ehtimalımız azdır. Bizim oyunumuzda bütün məşqçilər burda idi. Qarışıq bir sistemdə işləyirik. U-18 və U-20 yığmalarının yaranmasında böyük potensial var. Həm uşaqlar psixoloji cəhətdən həvəsdən düşmür, həm də göz qabağında olurlar. Bu bir il ərzində çalışacağıq ki, xarici ölkələrin komandaları ilə mütəmadi yoldaşlıq matçları oynayaq. Burada da oyunlarımız olacaq. Bunlar uşaqların itməmələri, həvəsdən düşməmələri və hər an hazır olmaları baxımından önəmlidir. Vüqar müəllim bizim matçımıza baxdı və bir futbolçumuzu Antalya toplanışına aparmaq istəyir. Hansı futbolçumuz özünü yaxşı tərəfdən göstərə bilsə, U-20 və U-21-ə dəvət ala bilər. Göz önündə qalmaları, mütəmadı bizimlə hazırlaşmaları və bir-biriləri ilə olmaları şərait yaradır ki, gələn il 19 yaşlılar oynayanda daha mükəmməl, təkmilləşmiş bir komanda olsun.
- "Zirə” klubundan ayrılmısınız?
- Bəli, ayrılmışam. Ən çoxu yaya qədər komandada qala bilərdim. İndiyədək açıq qalmış bu məsələ artıq bağlanıb. "Zirə”dən tam ayrılmışam.
- Təkcə U-18 çalışacaqsınız?
- Bəli. Hansısa məqamlar ola bilər. Kömək etmək məqsədi ilə gəlməyim mümkündür. Bütün fikrimi U-18-ə vermişəm.
- AFFA icazə vermir, yoxsa qanun iki yerdə birdən işləməyə qarşıdır?
- AFFA rəhbərliyi tam məsulliyəti Qurban Qurbanova verib. Bəzi hallarda məşqçilərə güzəşt edəcəklər. Baş məşqçilərə isə güzəşt olunmayacaq. Onlar sırf öz işlərinə köklənməlidirlər. "Qarabağ”la AFFA arasında milli komanda arasında belə bir problem yoxdur. "Qarabağ”ın məşqçiləri yığmada da işləyə bilərlər. Gələcəkdə yığma komandaları "Qarabağ"ın bazasında yaratmaq üçün belə hallar ola bilər. Mənim isə "Zirə” ilə yollarım ayrılıb.
- Köməkçiləriniz kimlərdir?
- Azər Məmmədov"Kəpəz"in, Aleksandr Qross "Netftçi"nin əvəzedicilərindən cəlb edilib. Ramiz Kərimov isə "Qarabağ" akademiyasında çalışıb, qapıçılarla işləyən məşqçi kimi köməkçim olacaq. Kollektivimiz tam formalaşıb.
Təbriz QULİYEV