"Sumqayıt"ın futbolçusu Vurğun Hüseynovun yoxlama matçında "Səbail"ə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Yoldaşlıq görüşündə "Səbail”ə məğlub oldunuz. Rəqibə nisbətən istəksiz təsir bağışlayırdınız. Oyunla bağlı nə deyə bilərsən?
- Yoldaşlıq oyunudur. Nə qədər istəsən də belə matçlara ciddi hazırlaşa bilmirsən. Bu gün ağır məşqimiz olub. Biz o məşqdən sonra oyuna çıxmışıq. Səhvlərimiz də oldu. Məşqlərlə bu səhvləri düzəltməyə çalışacağıq.
- Sanki yorğun görsənirdin. Baş məşqçi səni ona görə əvəzlədi?
- Yoldaşlıq görüşü olduğu üçün baş məşqçi hamını sınamaq istəyir.
- Qış fasiləsini necə dəyərləndirirsən? Komandaya yeni cəlb olunan futbolçularla bağlı nə deyə bilərsən?
- Yeni gələn futbolçular baş məşqçimizin seçimi ilə komandaya qatılıb. İnanıram ki, onların bizə xeyiri olacaq.
- "Sumqayıt”ın avrokuboklar şansı davam edir. Toplanışın ikinci mərhələsindən nə gözləyirsiniz?
- Toplanışda güclü rəqiblərlə qarşılaşacağıq. Belə matçlarda səhvlər ola bilər. Onları analiz edib, yaxşı nəticələr çıxartmaq lazımdır. Düşünürəm ki, bizi yaxşı günlər gözləyir. Yaxşı kollektivimiz və yaxşı baş məşqçimiz var. Hər şey yaxşı olacaq.
- Şəxsi hədəflərin barədə nə deyə bilərsən? Millidə də çıxış etmisən...
- Əlbəttə dayanmaq olmaz. 30 yaş çox deyil. Çalışacam ki, var gücümlə oynayım. Yaxşı nəticələr əldə etmək istəyirəm. Hər şey özümdən asılıdır. Bu gün dayansam düzgün olmaz. Bilsəm ki, gücum yoxdur və oynaya bilməyəcəm onda vidalaşaram. Futbolda sürünməyi düşünmürəm.
- Kariyeran üçün mükafat "Sumqayıt”la avrokuboklara vəsiqə qazanmaq ola bilər?
- Ən böyük istəyim odur. Tək mən yox kollektiv o barədə düşünür. Hamısı yerli futbolçulardır. Hər birinin istəyi avrokuboklardır. Biz əlimizə düşən fürsətdən istifadə etməliyik.