Vuqar MƏMMƏDOV
Azərbaycan yığması Moldova önünə "Qarabağ”a, daha dəqiqi Qurban Qurbanova məxsus oyun sxemi ilə çıxmışdı.
Kamran Ağayevin önündə, müdafiənin mərkəzində Maksim Medvedyevlə Ruslan Abışov yer almışdı. Cinahlarla irəli gedəcək oyunçular isə sağdan Abbas Hüseynov, soldan Pavel Paşayev idi. Müdafiənin önündə dağıdıcılıq işini Qara Qarayev görürdü. Yarımmüdafiə xətti sağdan-sola belə idi: Əfan İsmayılov, Rahid Əmirquliyev, Riçard Almeyda və Cavid Hüseynov. Hücumçu mövqeyində Mahir Mədətov oynayırdı. Bu taktiki düzülüşü 4-1-4-1 adlandırmaq olar, amma hərdən Riçardın Qaranın yanına düşməsinə görə 4-2-3-1 də demək olar.
Oyunu arxa xətdən quranda biz "Qarabağ”da görürdük ki, pleymeyker Almeyda geriyə sol tərəfə "düşür”, bu zonada oynayan Ansi Aqolli isə cinahla irəliyə gedir. Yığmada da eyni hal müşahidə olunurdu. Sadəcə, Ansinin yerində Pavel idi. Ümumiyyətlə, istənilən taktiki sistemi canlandıran, ona "həyat verən” futbolçulardır. Futbolçular keyfiyyətlidirlərsə, sistem də işlək olur. Əks halda, hansı sxemi işlədirsən-işlət, xeyri yoxdur. Yəni sistemdən daha vacibi futbolçunun keyfiyyətidir.
Bu baxımdan, "Qarabağ”ın oyun keyfiyyətinin Azərbaycan yığmasınınkından üstün olduğunu demək olar. Çünki millimizdə gedib cərimə meydanı həndəvərindən dəqiq asmalar verən Aqolli kimi cinah oyunçusu yoxdur. Məsələn, soldan oynayan Paşayevin cinahdan qapı ağzına bir ötürməsini belə xatırlamıram. Yaxud sağ cinahda Abbas hücumlara əla qoşulsa da, qapı ağzına ötürmələri yox səviyyəsində idi. Bundan başqa azərbaycan yığmasında Pedro Enrike kimi, Miçel kimi, hətta deyərdim ki, Dani Kintana kimi dinamik oyunçu yoxdur. Bunlar hətta mübahisə və müqayisə predmeti deyil. Bəlkə Kamranı Şehiçlə müqayisə etmək olar. Yalnız burada dəqiq bir söz demək olmur ki, o, bosniyalıdan güclüdür, yoxsa zəif.
Amma Azərbaycan yığmasının oyununda əməlli başlı dəyişiklik var. Yığmamız bu şəkildə nə Berti Foqtsun, nə də Robert Prosineçkinin dövründə oynayıb. Bəli, bu, Qurbanovun Azərbaycanıdır.
Ayrı-ayrı oyunçulara gəlincə, "hamı imkanlarına görə yaxşı oynadı” deyə bilərik. Gəlin, nəzərəçarpan, fərqlənən oyunçulara baxaq:
Cavid Hüseynov vərdiş almadığı yarımmüdafiənin solunda pis çıxıç etmədi. Yeri gəlmişkən, o, ikinci hissədə Ruslan Qurbanovla cinahlarını dəyişmişdi.
Qara Qarayevin işi rəqibin mərkəzdən qurulan hücumların dağıtmaq idi. Məsələ burasındadır ki, bu mövqedə oynayan oyunçular topsuz vəziyyətdə dağıdıcılıqla məşğul, diqqətlər isə topla hərəkət edən oyunçuda olduğundan, bu zonadakı oyunçular nəzərə çarpmırlar. Rəqib mərkəzdən çox ciddi hücum edə bilməyibsə, deməli, Qara yaxşı oynayıb.
Abbas Hüseynov birinci hissədə bir-iki epizodda kobud oynadı, hakim bu epizodlarda onu cəzalandırmadı, bunu görən moldovalı yarımmüdafiəçi onu özü cəzalandırmaq qərarına gəldi və çox kobud oynayaraq debütantımızı əməlli başlı əzdi. Abbas da borclu qalmadı və nəticədə nəhayət, sarı vərəqəsini görərək, sakitləşdi. Ümumiyyətlə, Hüseynov oyunu yaxşı keçirdi desəm, mübaliğə etmiş olmaram. O, cinahlardan hücuma əla qoşulur, müdafiəyə kömək edir, birəbir epizodlarda uduzmamağa çalışırdı.
Mahir Mədətov da yaxşı oynadı, hətta hücumdan arxaya çəkildi və irəli açılan Cavid Hüseynova bir təkbətək ötürməsi də verdi. Amma ikinci hissədə, Moldovanın künc zərbəsi zamanı real qol vəziyyəti yarananda zərbə vuran oyunçunu Mahir tutmalı idi. O isə bu oyunçunu boş buraxdı və sonra da şikayət etdi. Kimə şikayət edirdi, kimdən şikayət edirdi, başa düşmədik.
Əfran İsmayılov ötürmələrdə bəzən xəsislik etsə də, yaxşı oynadı. Hətta o dərəcədə ki, əvəz olunanadək komandamız daha rəngarəng çıxış edir və daha çox epizod yaradırdı. O, çıxdıqdan sonra yığmamızın hücumlarının kəsəri azaldı.
Düşünürəm ki, yaxşı olacaq. Çünki Qurbanın səviyyəsinə hamımız bələdik. Yeganə problem onun həm klubda, həm də yığmada işləməsidir ki, zənnimcə, bunu da aşıra bilər. Çünki hər iki iş eynidir: futbol! Daha yaxşı olar ki, yığma və "Qarabağ”ın heyətini eyniləşdirsin, təbii ki, "Qarabağ”ın zəifləməməsi şərti ilə. Bunu edə bilsə, uğur gələcək.
Bir neçə kəlmə də Moldova komandası haqda. Bu komandanın baş məşqçisi Aleksandr Spiridon uzun nüddət, təxminən 13 il Mirça Luçeskunun köməkçisi işləyib. Moldovanın oyunu da Luçeskunun komandalarına məxsus harmoniyasız, oyun stili – hücum, yoxsa əks hücumdur – konkret başa düşülməyən, əcaib deyilə biləcək formada idi.
Oyunun başa çatmasına az qalmış canlı yayım dayandı. Telekanal bu boşluğu öz reklamı ilə doldurdu. Reklam isə belə başa çatırdı: "CBC sport - sürpprizlər kanalı". Həqiqətən "əla” sürpriz idi.
Yayımın yarımçıq dayanmasını deyirəm.