"Səbail"in futbolçusu Vaxit Orazsaxedov evdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XIX tur matçından sonra brifinq keçirib. Türkmənistanlı hücumçu Sportnet.az-ın da suallarını cavablandırıb...
- Görüşü necə dəyərləndirərdiniz?
Məğlubiyyətə layiq deyildik. Bunu dəqiq deyə bilərəm. Uşaqlar döyüşdülər. Amma bu, futboldur. Belə hallar olur. Hər zaman qalib gəlmək mümkün deyil.
- Bəs komandada nə çatmadı?
- Ola bilsin, qol buraxdığımız vaxt konsentrasiya çatmadı. Amma ümumi götürdükdə, hardasa bəxtimiz gətirmədi. Hesab edirəm ki, bizim daha çox imkanımız oldu. İşləyəcəyik.
- Komandaya yeni qoşulmusunuz. Uyğunlaşma baxımından probleminiz var?
- Bütün oyunlar çətin keçdi. Bugünkü isə deyə bilərəm ki, nisbətən asan oldu. Vaxt lazımdır. Üstəlik, mən təlim-məşq toplanışı keçməmişəm. İkinci yarının başlamasına 2 gün qalmış "Səbail"ə qoşulmuşam. Bu halda çətindir. Məşqçilər heyətinə minnətdaram ki, kömək edirlər. Bundan başqa futbolçulardan Elman Taqayev yeni gəldiyim vaxt mənə yardımçı oldu. Həmçinin, rəhbərlik də məni isti qarşıladı. Bunların sayəsində özümü narahat hiss etmirəm.
- "Səbail"də duruş gətirmək nə qədər asan olacaq?
- Hər bir oyunda zəif nəticə ola bilər. Ola bilsin, bəxtimiz bir az gətirmir. Çalışacaq, işləyəcəyik.
- Müqaviləniz mövsümün sonunadəkdir. Sonrası üçün planlarınız necədir?
- Hələlik hər şeyi bəyənirəm. Mövsüm bitdikdən sonra oturub danışacağıq. Yeni müqavilə şərtlərini müzakirə edəcəyik.
- Rusiyanın "Rubin", Türkiyənin "Osmanlıspor" komandalarında çıxış etsəniz də, möhkəmlənə bilməmisiniz. Bəs "Səbail"i əvvəlki klublarla müqayisədə hansı səviyyədə hesab edirsiniz?
- "Səbail" də yaxşı səviyyəli komandadır. Burara hər şey xoşuma gəlir. O cümlədən, futbolun səviyyəsi. "Vur-qaç" söhbəti yoxdur. Hamı futbol oynamağa çalışır. Hər hansı komanda istənilən rəqibini yenə və uduza bilər.
Təbriz QULİYEV