1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Futbolçularımızı Vətənə təhkim edən səbəblər - LAYİHƏ
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həlli yollarının göstərilməsi" layihəsinin icrasını davam etdirir. Beşinci yazıda futbolçularımızı vətənə təhkim edən səbəbləri incələyəcəyik.
Azərbaycanlı məşqçilərin "Biləcəri sindromu” adlı yazımızda bəhs edilən məqamlar futbolçularımız üçün də keçərlidir. Hərçənd, yerli mütəxəssislərlə müqayisədə oyunçuların ölkə xaricində iş tapmaq variantları daha çoxdur. Buna rəğmən, onların sayı barmaqla sayılacaq qədərdir. Mətbuatda "filankəs oynadı, komandası qalib gəldi” məzmunlu xəbərlərə tez-tez rast gəlsək də, legioner futbolçularımızın heç də hamısı davamlı şəkildə əsas milli komandaya çağırılmırlar. Kimisi klubunda oynamır, kimisi hələ çox gəncdir, kimisi də başqa səbəblərdən kənarda qalır.
Bizim olub, bizdə yetişməyənlər
Ölkə xaricində çıxış edən oyunçularımızdan söhbət açarkən, iki nüansı nəzərə almalıyıq: Birincisi, onların heç də hamısı azərbaycanlı deyillər. İkincisi, futbolçuların bəziləri yerli futbol məktəbinin yetirməsi sayılmırlar. Məsələn, Deniz Yılmaz Almaniyaya köç edən türk, Dmitri Nazarov isə Rusiya əsilli qazaxıstanlı ailənin övladıdır. Bu siyahıya yığmanın son oyunlarına dəvət almayan Ufuk Budak, aşağı yaş qrupları üzrə millilərdə forma geyinən Taşkın İltər kimilərini də daxil etmək olar.
Pavel Paşayev, Rüfət və Renat Dadaşov qardaşları isə müvafiq olaraq Ukrayna və Almaniyada yaşayan azərbaycanlı ailələrin üzvləridirlər. Atası toqolu, anası azərbaycanlı olan Eddi İsrafilov İspaniyada yetişib. Həmçinin, aşağı yaş qrupları üzrə milli komandaların formasını geyinən Ziya Əzizovu, Dmitri Nağıyevi örnək göstərə bilərək. Onlar Hollandiya və Ukraynada boya-başa çatıblar.
Bu tip futbolçuları fərqləndirməkdə məqsəd, necə deyərlər, malı-mala qatmamaqdır. Yazımızın mövzusu sırf Azərbaycan futbol məktəbinin yetirmələridir.
Gözmuncuğu – Araz Abdullayev
Azərbaycan millisinin son rəsmi oyunlarına - 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Almaniya yığmaları ilə görüşlərə 5 legioner dəvət alıb. Bunlar Çexiyanın "Mlada Boleslav” komandasından Kamran Ağayev, Ukrayna "Aleksandriya”sından Pavel Paşayev, Almaniya "Aue”sindən Dmitri Nazarov, "Ayntraxt”dan Renat Dadaşov və icarə əsasında Kiprin "Anortosis” klubunun formasını geyinən Araz Abdullayevdir.
Ağayevin Çexiya məcarası artıq başa çatıb. Təcrübəli qapıçı yenidən "Keşlə”nin heyətində yer alıb. Paşayev, Nazarov və Dadaşovu yuxarıda qeyd etdiyimiz məqama görə nəzərə almırıq. Geriyə bir tək Abdullayev qalır. Ötən ilin oktyabrında zədəli olduğu üçün yığmanın heyətindən kənarlaşdırılan 26 yaşlı yarımmüdafiəçi yaxşı çıxışı ilə "Anortosis” rəhbərliyinin və məşqçi heyətinin rəğbətini qazanıb. Lakin komandasının aparıcı üzvlərindən birinə çevrilən Arazın müqavilə ilə "Qəbələ”yə məxsus olması onun ölkə xaricindəki karyerasını sual altına qoyur. Kipr mətbuatının yazdığına görə, "qırmızı-qaralar” onun birdəfəlik keçidi üçün 150 min avro istəyir.
"Böyük köçlər” dönəmi
Müstəqillik dönəmində azərbaycanlı futbolçuların ölkə xaricinə iki "böyük köç”ü olub. Birincisi SSRİ-nin dağılmasından sonra yerli klublarda yaşanan böhran və Qarabağ müharibəsi fonunda baş verib. Həmin dönəmdə Şahin Diniyev, Samir Ələkbərov, Vladislav Qədirov kimi oyunçular legioner həyatı yaşamağa müvəffəq olublar.
2002-ci ilin aprelində çempionatın dayandırılması və klublarla AFFA arasında pikə çatan gərginlik FİFA və UEFA-nın 2 illik sanksiyası ilə nəticələndi. Yarışı yarımçıq dayandıran klublar özlərinin yaratdıqları Təşkilat Komitəsinin təşəbbüsü ilə "alternativ çempionat” təsis etsələr də, çoxlu sayda oyunçu xaricə üz tutdu. Samir Əliyev, Kamal Quliyev, İlham Yadullayev, Cahangir Həsənzadə, Tərlan Əhmədov, Ramiz, Fizuli, Xəqani Məmmədovlar və digərləri əsasən Ukrayna və İrana üz tutdular. Xaricə yollana bilməyənlərin bir qismi "alternativ çempionat"da, digərləri isə futzal yarışlarında çıxış etməli oldular.
Vaqif Cavadov – avropalıların diqqətini cəlb edən ilk və hələlik tək futbolçu
"Böyük köçlər”in iştirakçılarını nəzərə almasaq, indiyə qədər ölkə xaricində çıxış edən futbolçuların sayı elə də cox deyil. Üstəlik, onların heç biri Avropanın ortabab klublarında belə, forma geyinməyiblər. Ən yaxşı halda Nazim Süleymanov "Alaniya”nın heyətində Rusiya çempionu, Vəli Qasımov isə Moskva "Dinamo”su ilə qonşu ölkə çempionatının bombardiri olub. Düzdür, sonuncu daha sonra Pireney yarımadasına üz tutub, İspaniyanın "Betis”, Portuqaliyanın "Vitoriya” komandalarının şərəfini qoruyub. Lakin adlarından da göründüyü kimi, onları böyük klublar cərgəsinə qoymaq olmaz.
Parlaq çıxışı ilə Avropada tanınan bir klubun diqqətini cəlb edən ilk və hələlik tək futbolçu Vaqif Cavadovdur. Düzdür, o, Moskva MOİK-inin yetirməsi sayılır. Ancaq bir futbolçu kimi Azərbaycanda, "Qarabağ”ın heyətində formalaşıb.
Ağdam klubu 2009/2010 mövsümündə Avropa Liqasının pley-off mərhələsində Hollandiya "Tvente”sinə iki görüşün nəticəsinə görə uduzsa da (0:0, 1:3), Cavadovun oyunu rəqibin baş məşqçisi Stiv Maklareni valeh etdi. Nəticədə həmin vaxt 20 yaşı olan forvard Enshede təmsilçisi ilə 3,5 + 1 illik müqavilə bağladı. Gəl ki, 7 nömrəli forma ilə meydana çıxmaq Vaqifə qismət olmadı. Keçidindən dərhal sonra aldığı zədə, "Tvente”nin yeni mövsümdə ölkə çempionu olması milli üzvünün Hollandiya karyerasının əsas komandada debüt etmədən başa çatması ilə yekunlaşdı.
Cavadov sonradan Rusiyanın "Volqa”, Türkiyənin "Qaziantep BB” və "Boluspor” komandalarında çıxış etsə də, karyerasında eniş davam etdi. Təsadüfi deyil ki, 6 ay klubsuz qalan Vaqif qış fasiləsində "Keşlə” ilə müqavilə bağlayıb və "11-liy”ə düşməkdə çətinlik çəkir.
Qürbətdə rəiyyət olunca, vətəndə bəy kimi yaşa
"Qürbətdə xan olunca, vətənində dilən, gəz” bayatı misrasını futbolçularımız üçün dəyişsək, belə bir şey alınır: Qürbətdə rəiyyət olunca, vətəndə bəy kimi yaşa. Rəşad Sadıqov, Ruslan Abışov, Saşa Yunisoğlu, Ramal Hüseynov, Mahir Şükürov və daha bir neçə nəfər bu deyimə uyğun hərəkət etdilər. Buna görə onları qınamaq da olmaz. Futbolçu həyatı qısa olduğu üçün hər bir oyunçu, ilk növbədə, işin maliyyə tərəfini düşünməlidir.
Müstəqillik dönəmində Azərbaycan futbolunun yetişdirdiyi ən böyük oyunçu – Rəşad Sadıqov bilsəydi ki, "Kayserispor”, "Kocaelispor” və ya "Eskişehirspor”da çıxış etməklə, "Qalatasaray” və ya "Beşiktaş”a düşəcək, heç vaxt "Qarabağ”a gəlməzdi. O, ölkə xaricindəki şərtləri və öz potensialı ilə hara qədər gedə biləcəyini bildiyi üçün Azərbaycana qayıtdı. Eyni söz digərləri üçün də keçərlidir.
Legioner həyatı yaşamağa məntiqli yanaşmaq lazımdır. Təxminən, 10 – 15 illik futbolçu karyeran var və sən öz maksimumunu bildiyin halda, "Fənərbağça” və ya "Barselona” xəyalı ilə gedib az maaşa, yaxınlarından uzaq "Alanyaspor”da, "Eybar”da də "çürüyürsən". Sonra əlin ətəyindən uzun Vətənə dönüb maddi problemlərlə baş-başa qalırsan. "Qarabağ”da, "Neftçi”də ilinə 200 – 300 min manata oynamaq imkanı varsa, kasad potensialla 30 – 40 minə legioner olmağın anlamı yoxdur.
Rauf Əliyevin "Kukesi” gözdağı
Yaxınlarda "Qarabağ”ın futbolçusu Qara Qarayev müsahibəsində xarici klublardan gələn təkliflərlə bağlı maraqlı fikirlər səsləndirib. O, Ağdam klubunda qalmasını belə əsaslandırıb: "Qərar verməmişdən öncə milli komandanı fikirləşirəm. Ölkə futboluna xeyir vermək istəyirəm. Bizim futbol adına yaxşı təklif deyildi. "Qarabağ”da mənim üçün daha yaxşıdır. Hazırki klubum avrokuboklarda çıxış edir. Burada qalmağı seçdim. Başqa təkliflər olsa, dəyərləndirmək istəyərəm. O təklif 3 - 4 il bundan öncə olsaydı, tramplin kimi istifadə edə bilərdim. Amma indi gedib orada iki il oynasam, cavan sayılmayacağam. Alınmasa, nə olacaq? Burada isə stabil oynaya bilirəm”.
Qarayevin dediklərində böyük həqiqət var. Bunu Rauf Əliyevin timsalında da gördük. "Keşlə”dən dava-şava ilə ayrılıb, Albaniya "Kukesi”sinə getdi. Amma 3 – 4 ay keçməmiş qaçıb gəldi və "orada başıma oyun açdılar” söylədi. Bax, onun aqibətini yaşamamaq üçün gələn təklifləri yaxşı götür-qoy etmək vacibdir. Bu olay futbolçularımız üçün gözdağı olmalıdır.
Zorla gözəllik olmur
AFFA-nın gənc futbolçulara xaricdə klub tapmaq ənənəsinin təməlini 1997-ci ildə milli assosiasiyanın mərhum prezidenti Fuad Musayev Zaur Tağızadə ilə Ruslan Musayevi Estoniya "Lelle”sinə yollamaqla qoyub. Bu, yaxşı ideya olsa da, həmin vaxt da fayda vermədi, bu gün də özünü doğrultmur.
Ramil Şeydayev, Elnur Cəfərov və ya Emin Mahmudov artıq uşaq deyil. Onların əlindən tutub bu klubdan digərinə aparmağın anlamı yoxdur. Bu futbolçular bacarıqlarını öz oyunları ilə isbatlamalıdırlar. Cəfərov "Neftçi”də, Şeydayev "Qarabağ”da əsas heyətə düşə bilmirsə, xarici klubdan heç danışmağa dəyməz. Bacarsaydı, Mahmudov Portuqaliya "Boavişta”sından Bakıya qaçıb gəlməzdi ki...
Avrokubok məyusluğu: Transfer bir yana, təklif belə gəlmədi
Klublarımız Avropa Liqası və Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazananda papağımızı göyə atdıq ki, vəssalam, işlər düzəldi: Xarici klublar futbolçularımızı görüb, transfer edəcəklər. Ancaq transfer bir yana, ciddi təklif belə gəlmədi.
Qurban Qurbanov ÇL oyunları zamanı mətbuat konfranslarından birinə bildirdi ki, hər iki oyunda "Atletiko”ya uduzmayan "Qarabağ”ın heyətində Madrid klubunun və ya "Roma”nın formasını geyinə biləcək səviyyədə futbolçu yoxdur. Bu qədər konkret.
Reallıq budur ki, bu gün Avropada azərbaycanlı futbolçuya tələbat yoxdur. Bunun da fərqli səbəbləri var. Azərbaycanın futbol ölkəsi olmaması, 8 komandalı çempionat, oyunçuların əlaqələri daha geniş agentlərlə əməkdaşlıq etməmələri, eləcə də Ruslan Abışov istisna olmaqla, digərlərinin brend kimi formalaşmaq üçün piar işinə önəm verməmələri onların Avropaya yolunu kəsən amillərdir. Ancaq bunların heç biri başlıca səbəb deyil.
Böyük klublar ağıllı sistem oyunçularına ehtiyac duyur
Afrikadan olan futbolçuların iki əsas çatışmazlığı var: "Qara qitə”də oyun qurucuları yetişmir və əskəriyyəti güclü zərbəyə malik deyillər. Bunun da səbəbi onların futbol məktəbi keçməmələridir. Düzdür, son illər bir çox top-klub Afrika ölkələrində futbol məktəbləri açıb və bu işə ciddi önəm verirlər. Lakin bunun bəhrəsini önümüzdəki illərdə görəcəklər.
Afrikalılar futbol məktəbi keçməmələrini fiziki gücləri və sürətləri ilə kompensasiya edirlər. Latın Amerikasından olanlarda isə başqa istedad var. Necə deyərlər, anadangəlmə "texnar”dırlar. Bizdə isə üst səviyyədə bunların heç biri yoxdur. Genetikamızda nə futbolun tələblərinə uyğun fiziki güc var, nə də texnika. Lakin bu, dünyanın sonu demək deyil.
Bir azərbaycanlı futbolçu yalnız yaxşı futbol məktəbi keçib, sözün əsil mənasnda peşəkar kimi yetişməklə Avropaya gedə bilər. Müasir futbolda böyük klublar ağıllı sistem oyunçularına ehtiyac duyur. Bazara bu təlabata uyğun məhsul təqdim etməliyik.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir