1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"dakı yeniliklər: Nəticəsi necə oldu?
Son oyunlarında "Qarabağ”ın taktikasında bəzi yeniliklər nəzərə çarpır. Əslində cizgi və işartıları qış fasiləsindən bəri görüşlərdə diqqəti çəkirdi. "Zirə” ilə matçda isə bariz şəkildə nəzərə çarpdı. Həm də futbolçular bu planı uğurla həyata keçirə bildilər.
Söhbət nədən gedir?
"Qarabağ”ın oyun sistemi demək olar ki, olduğu kimi qalıb. Sonuncu, "Zirə” ilə oyunda da belə idi, oyunçu planında bəzi dəyişiklər olsa da, sistem dəyişilməz idi: 4-1-4-1. Yəni, müdafiəçilər - sağdan-sola Maksim Medvedev - Elvin Yunuszadə - Rəşad Sadıqov - Ansi Aqolli, onların önündə Coşqun Diniyev, yarımmüdafiəçilər - yenə sağdan-sola Dani Kintana - Miçel - Riçard Almeyda - Pedro Enrike, hücumda isə Ramil Şeydayev oynayırdı.
İndi isə gələk oyun sistemindəki dəyişikliyə.
Bu, hansı dəyişiklik idi?
Deməli, "Qarabağ” müdafiədən hücuma çıxanda görürdük ki, iki mərkəz müdafiəçisindən biri - Rəşad Sadıqov sol cinaha, aut xəttinin kənarına qədər gedib. Digər mərkəz müdafiəçisi Elvin Yunuszadə mərkəzdə tək qalıb. Hücuma qoşulmalı olan cinah müdafiəçisi Medvedev isə irəli getməyib və müdafiənin sağını "bərkidib”. Onun sol cinahdakı alternativi Aqolli isə əksinə, cinahla irəliyə gedib orada ötürmə gözləyir, bir növ yarımmüdafiəçi kimi çıxış edirdi.
Dördlü müdafiədə, adətən, belə olmur. Mərkəz müdafiəçiləri simmetrik şəkildə bir-birindən aralansalar da mərkəzdə qalırlar, cinahlar isə irəli gedirlər. Amma "Qarabağ”, qeyd etdiyim kimi, belə etmədi. Bu, o deməkdir ki, Ağdam komandası müdafiədən hücuma keçən zaman üçlü müdafiə ilə oynayır.
Eyni hərəkət sağ cinahda da baş verirdi. Düzdür, Medvedev Aqolli kimi tez-tez irəli getmirdi. Amma bu, müşahidə olunurdu. Medvedev irəli gedəndə, yenidən müdafiədə "üçlü”yə dönmək üçün Aqolli geri, evə qayıtmalı idi, Sadıqov soldan mərkəzə, Yunuszadə isə mərkəzdən sağa çəkilməli idi. Bu, bir növ saat kəfkirinin hərəkətini xatırladan formada olmalıdır. Amma biz gördük ki, Aqolli geri qayıtsa da, sağ cinaha Yunuszadə yox, Sadıqov keçdi. Yunuszadə isə yerini dəyişməyərək mərkəzdə qaldı.
Bu, müxtəlif səbəblərdən ola bilər. Sadıqovun müdafiənin cinahlarında oyun qurulmasına daha çox fayda verəcəyini, Yunuszadənin isə uca boyunun müdafiənin mərkəzində daha faydalı olmağa gətirəcəyini, yaxud onun texniki göstəricilərinin cinahda oynamağa imkan verməməsini və s. səbəb kimi göstərmək olar. Yaradıcılıqda sərhəd, hədd yoxdur. Oyunçunun fərdi imkanına uyğun olaraq taktikada istənilən dəyişikliyi etmək mümkündür. Yetər ki, bu faydalı olsun.
Bəs niyə "Qarabağ” hücuma keçərkən üçlü müdafiədən istifadə edir?
Ağdamlılar əvvəllər rəqiblərinin müdafiəsini qısa ötürmələrlə mərkəzdən yarmağa çalışırdılar. Amma artıq demək olar ki, çempionatın bütün komandaları "Qarabağ”a qarşı qapalı şəkildə oynamağa başlayıblar. Qapalı müdafiəni isə mərkləzdən yarmaq çətindir. Bundan əlavə, o elementləri, gedişləri ki "Qarabağ” istifadə edirdi, bunları rəqiblər diqqətlə analiz edirlər, öyrənirlər və buna əks-həmlələr tətbiq etdiklərindən, Qurban Qurbanovun komandasının qol vurması xeyli çətinləşmişdi. Bu səbəbdən, daim yeni gedişlər, planlar tətbiq etmək məcburiyyətində olursan ki, belə bir yeni planı qış fasiləsindən sonra "Qarabağ”da müşahidə edirik.
Qapalı müdafiəni yarmaq üçün ən uğurlu klassik vasitələrdən biri cinahlardan girib qapı ağzına ötürmələr verməkdir. "Qarabağ”ın məhz "üçlü” müdafiə ilə oynamasının əsas səbəbi də budur. Məqsəd xeyli yaşı olan Aqollinin cinahboyu hərəkət etdirməklə yormaqdansa sol cinahda, irəlidə, rəqibin cərimə meydançası həndəvərində saxlayıb, topları ona ötürməklə, həmin mövqedən qapı qarşısına havalandırılan ötürmələr vasitəsilə rəqibin qapısına qol aramaqdır. Bu, tamamilə uğurlu gedişdir.
Niyə?
Əvvəla, Aqollinin cinahından olan "prostrel”ləri superdir, ikincisi, qeyd etdiyim kimi, rəqiblər qapalı oynayır, üçüncü, "Qarabağ”ın hücumçuları ucaboyludur ki, bu da cinah asmaları zamanı rəqib müdafiəçiləri udmaq üçün əla üstünlükdür.
"Zirə” ilə oyunda göründüyü kimi, hər iki qol cinah ötürməsindən sonra vuruldu. Ümumiyyətlə, qış fasiləsindən sonra ağdamlılar bütün qollarını cinah ötürmələrindən sonra vurub. Daha əvvəlki turda "Sumqayıt”la oyunda yenə cinahdan ötürülən, sol tərəfdən gələn ötürmədən sonra Enrike qol vurdu. Həmin oyunda Gerye birinci hissədə üç cinah ötürməsini boşa verdi. Bütün bunlar göstərir ki, "Qarabağ”ın yeni oyun taktikası cinahlardan həmlələrdir.
Təbii ki, "Qarabağ”ın taktikasında başqa incəliklər də var. Amma bunları bilmək üçün oyuna stadiondan canlı şəkildə, təkrarına isə bir neçə dəfə, epizodları irəli-geri çəkməklə baxmaq lazımdır. Bu isə daha çox "Qarabağ”ın rəqiblərinə lazımdır. Qoy, onlar da bu işlə məşğul olsunlar. Bizsə "Qarabağ”ın rəqibi deyilik.
İfaçılar
"Zirə” ilə oyun ağdamlıların təkcə taktiki baxımdan deyil, oyunçuların fərdi ustalıqları baxımından da xeyli yüksək səviyyədə çıxış etdiyini deyə bilərik. Şübhəsiz ki, birinci növbədə Elvin Yunuszadənin adını çəkməliyik. Qol vurmaqla bərabər müdafiədə də çox etibarlı çıxış etdi.
Rəşad Sadıqov ikinci gəncliyini yaşayır. Fikrimcə, o, indiki kimi heç vaxt oynamayıb.
Diniyev mərkəzə nəzarət edən, bir birinə mental yaxınlığı olan iki braziliyalı və iki ispaniyalı ilə çox gözəl harmoniya təşkil edirdi.
Şehiç, Medvedev, Aqolli, ikinci hissədə meydana girən Ağabala Ramazanov və Əfran İsmayılov işlərini yüksək səviyyədə gördülər.
Son vaxtlar haqqında çox danışılan Ramil Şeydayevin də yaxşı çıxış etdiyini deyə bilərik. Düzdür, yenə də imkanlar yaxalasa da, qol vura bilmədi. Ancaq istər hər iki qol epizodunda, istərsə də bir çox yaradılan və boşa verilən qol imkanlarında Şeydayevin bilavasitə iştirakı var idi.
Vüqar MƏMMƏDOV