"İnsanlara sağlığında nəsə etmək lazımdır. Biz isə çox vaxt rəhmətə gedəndən sonra nələrsə etməyə çalışırıq".
Bunu Sportnet.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib. O bildirib ki, dünyasını dəyişən həmkarı Böyükağa Hacıyevin yeri hər zaman görünəcək:
"O, çox işlər görüb. Yaşasaydı, daha yaxşılarını edə bilərdi. Həmişə sözün düzünü deyirdi. Azərbaycan klubunu tarixdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldən baş məşqçi oldu. Böyükağa Hacıyev bizimlə birgə çalışıb. Onunla hərdən söhbətləşirdik. Hər zaman özünün fikirləri var idi. Aramızdan çox tez getdi. Həyatdır. Nə etmək olar? Mən çox şadam ki, bu gün Böyükağa Hacıyevin dəfn mərasimi futbol ictimaiyyətinin diqqətindən yayınmayıb. Onun əziyyətini itirmirlər. Əsas məsələlərdən biri də budur".
Mircavadov, həmçinin xəstəxanada olduğu vaxt Hacıyevin səhhəti ilə daim maraqlandıqlarını sözlərinə əlavə edib:
"Onu xəstəxanada da ziyarət edirdik. 3 ilə yaxın bizimlə birgə Məşqçilər Komitəsində çalışdı. Xəstəxanaya düşəndə yanına getdik. Bizimlə görüşdü. Birlikdə çay da içdik. Bizə xəstəxanadan tez çıxmaq istədiyini söylədi. Qismət. Allah rəhmət eləsin".