"Neftçi" ilə aprelin 12-də keçirəcəyi ilk yarımfinal görüşü "Qəbələ" klubunun Azərbaycan Kubokunda 57-ci qarşılaşması olacaq.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" indiyədək keçirdiyi 56 görüşdə 29 dəfə qalib gəlib. Hazırda Roman Qriqorçukun başçılıq etdiyi komanda yubiley – 30-cu qələbənin astanasındadır. "Qəbələ”nin hesabında 17 heç-heçə və 10 məğlubiyyət də var. Rəqib qapılarına 97 top vuran əyalət təmsilçisi bu göstəricidə 100-ə çatmağa yaxındır. Bunun üçün komandaya 3 dəfə fərqlənmək kifayətdir. "Qəbələ” kubok matçlarında 47 qol buraxıb.
Arxada qalan 56 oyundan üçündə rəqib "Neftçi” olub. Paytaxt təmsilçisi ilə iki dəfə yolları kəsişən "qırmızı-qaralar” 2013/2014 mövsümünün finalında 1, 2015/2016 mövsümünün yarımfinalında 2 matçda "ağ-qaralar”la üz-üzə gəlib. Hər üç matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu iki duelin taleyi penaltilərlə həll olunub ki, zərbələri paytaxt təmsilçisi daha dəqiq yerinə yetirib.
"Qəbələ” tarixində 6-cı dəfə yarımfinalda mübarizə aparacaq. Əvvəlki 5 cəhddən ikisində finala adlayan komanda 2013/2014 mövsümündə "Xəzər Lənkəran”ı (3:0, 1:1), 2016/2017 mövsümündə "İnter”i (3:1, 2:0) mübarizədən kənarlaşdırıb. "Qırmızı-qaralar” yarımfinal səddini məhz onları bu mərhələdə udan rəqibləri yenməklə adlayıb. Komanda 2007/2008 mövsümündə "Xəzər Lənkəran”a (1:3, 1:1), 2008/2009 mövsümündə "İnter”ə (0:5, 2:0) yenilib. 2015/2016 mövsümündə isə "Qəbələ” final yolunda "Neftçi” ilə qarşılaşıb – 1:1, 1:1, pen. 3:4.
Aprelin 12-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun Azərbaycan kubokunda 31-ci ev matçı olacaq. Doğma azarkeşlər önündə 18 qələbə qazanıb, 9 heç-heçə edən "qırmızı-qaralar" cəmi 3 dəfə uduzublar. Öz meydanında 63 qol sevinci yaşayan komanda cəmi 18 top buraxıb.
Cari mövsüm yarimfinala qədər üç oyun keçirən "Qəbələ” bütün matçlarda qələbə qazanıb. 1/8 finalda "Mil-Muğan”ı 8 cavabsız qolla məyus edən "qırmızı-qaralar” 1/4 finalda "Səbail”i mübarizədən kənarlaşdırıblar – 1:0, 4:2.
Qeyd edək ki, "Qəbələ” – "Neftçi” oyunu saat 18:00-da başlayacaq.