Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak Qırğızıstan yığması ilə yoldaşlıq görüşündən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Türkiyənin "Samsunspor” klubundan ayrıldınız. Karyeranızı harada davam etdirəcəksiniz?
- Hələ heç nə bəlli deyil. Bu barədə ciddi danışmalı və müzakirələr aparmalıyıq. Hələlik gözləyirəm.
- Qurban Qurbanov 6 gün "Qarabağ”da məşq etdiyinizi bildirdi. Bu klubda çıxış etmək istərdiniz?
- O, məni fiziki durmumumu düzəltmək üçün məşqlərə dəvət etmişdi. Uzun müddət oynamırdım. Aramızda "Qarabağ”da qalmaqla bağlı söhbət olmadı.
- Əvvəllər də yığmada olmusunuz. Qurban Qurbanovun gəlişindən sonra nə dəyişib?
- Sonuncu dəfə 4 il əvvəl gəlmişdim. Fərqli üzlər gördüm. Gənc futbolçularımız var. Daha dinamik komandadır.
- Bu illər ərzində milliniin çıxışını izləyirdiniz?
- Bəli, mən də yığma üzvüyəm. Hər oyunu izləməyə çalışırdım.
- Bir müddət əvvəl Azərbaycan vətəndaşlığından imtina etdiyiniz deyilirdi. Çünki Türkiyədə legioner sayılmırdınız...
- İki pasportum var idi. İndi də belədir. Başqa söhbət olmayıb.
- Robert Prosineçki sizi niyə yığmaya çağırmırdı?
- Bir dəfə dəvət etmişdi, 10 gün komandada oldum. Sonra çağırmadı. Bunu məndən soruşmayın.