"Futbolçularımız normal vəziyyətdədirlər. Lakin bir neçə problemimiz də var. Stanislav Lunini risk edib oyuna buraxmayacağıq. Yerkenbulan Seydahmet də hələ normal vəziyyətdə deyil. Qalanları sağlamdırlar. Futbolçular məşqlərdə ən yaxşı keyfiyyətlərini göstərməyə çalışdılar, bərpa prosesinə böyük diqqət ayırdılar. Sabah yaxşı oyuna ümid edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu Qazaxıstan millisinin baş məşqçisi Stanimir Stoilov Azərbaycan yığması ilə iyunun 5-də keçirəcəkləri yoldaşlıq görüşü ərəfəsində mətbuat konfransında deyib.
51 yaşlı bolqarıstanlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
- Qazaxıstan və Azərbaycanın gənclər yığmalarının 1:1 hesabı ilə nəticələnən yoldaşlıq görüşü sizdə hansı təəssürat oyatdı?
- Yaxşı oyun oldu. Həmin yığmaların öz baş məşqçiləri var, qiyməti onlar verə bilərlər. Komandada özlərini yaxşı tərəfdən göstərən gənclər yer alıb. Lakin onlar bir qədər də "artırmalıdırlar”.
- Sizin üçün Azərbaycanla görüşdə nə həlledici olacaq?
- Bütün fazalarda təşkilatlanmış formada oynamaq lazımdır. Hər bir məşqçi hücum futbolu oynatmaq istəyir. Lakin mənim üçün balans vacibdir. Bununla yanaşı, kombinasiyalı futbol. Azərbaycan millisi ağıllı futbol oynayan inamlı komandadır. Bizim ölkələrdə futbol inkişaf edir.
- Qazaxıstanın epizodları reallaşdırmaq baxımından problemi olduğu aydındır...
- Klublar yeni futbolçular üzə çıxara bilmirlər. Özümüzünkülərlə işləyəcəyik. Bizim potensialımız var, bunu Avropada göstərdik. Demək ki, öz səviyyəmizdə olan komandalarla mübarizə apara bilərik. Biz rəvan futbol oynamalıyıq. Nəticənin necə olacağı vacib deyil. Aydındır, bu, mənim yığmanın sükanı arxasında ilk matçlarımdır. Ona görə də hər kəs özünü yaxşı tərəfdən göstərmək üçün çalışmalıdır. Heç kim yoldaşlıq görüşlərində risk etmək istəmir. Qarşılaşma insanların xoşuna gəlməlidir. Əsas odur ki, biz nəticə çıxara biləcəyik.
- Azərbaycan millisi kimi rəqiblə görüş Millətlər Liqasına hazırlığa kömək edəcək?
- Millətlət Liqasına hələ 3 ay var. Bu baxımdan, avrokuboklardakı matçlar həlledici olacaq. Sabahkı məşqdən sonra heyətin necə olacağını biləcəyik. Qrupumuz normaldır. Hər dəfə qələbə üçün döyüşməliyik. Biz yerimizdə çox dayandıq, səviyyəni qaldırmaq vaxtı çatıb. Bunun üçün potensial var. Düşünürəm ki, qrupdan çıxacaq gücdəyik.
- Start heyətini müəyyənləşdirmisiniz?
- Yekun heyət barədə vaxtından əvvəl danışmaq istəmirəm. Hələ sabah da məşq olacaq. Futbolçularımız uzun müddət qələbə qazana bilməyiblər və aşağı səviyyəli olublar. İndi isə yığmanı daha yüksək səviyyəyə qaldırmaq vaxtı yetişib. Təəssüf ki, cəmi 6 əvəzetmə olacaq. Mən isə 10 əvəzləmə istərdim. Sabah bir qapıçının bütün oyun ərzində oynayacağına, yaxud da hər hissə birinin qapıda duracağına matçın gedişində baxacağıq.
- Azarkeşlərdən necə dəstək gözləyirsiniz?
- Qazaxıstanda insanlar millini sevirlər. Ümid edirəm ki, azarkeşlər komandaya dəstək verəcəklər. Bu, vacibdir. İnsanlar çox soruşurdular: Siz nə vaxt yığmanı qəbul edəcəksiniz? Mənə lazımdır ki, hədəfə doğru birgə addımlayaq. Stadionun dolacağına ümid edirəm.