Lüksemburqun "Proqres" klubu Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" ilə keçirəcəyi səfər matçında erməni əsilli futbolçusu Aleksandr Karapetyanın xidmətindən yararlanmayacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə Niderkorn komandasının meneceri Tomas Gilgemann açıqlama verib.
Gilgemann bu qərarı təhlükəsizlik məqsədilə və Azərbaycan - Ermənistan münaqişəsi ilə əlaqədar qəbul etdiklərini bildirib: "Karapetyan Azərbaycana səfərdən azad edilib. Onun fiziki forması qaydasında olsa da, özü Azərbaycan - Ermənistan münaqişəsi üzündən Qəbələyə getmək istəmir. Digər tərəfdən, klub olaraq, oyunçularımızı qorumaq borcumuzdur. Onları riskə atmaq istəmirik".
2015-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) komandasının və Ermənistan milli komandasının futbolçusu Henrix Mxitaryan da eyni səbəbdən, "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinin oyunu üçün Bakıya gəlməyib. Aleksandr Karapetyan 1987-ci ildə Gürcüstanda doğulsa da, uşaq yaşlarında valideynləri ilə birgə Almaniyaya köçüb. Ötən mövsüm 29 qolla "Proqres"in bombardiri olan hücumçu 2014-cü ildə Ermənistan yığmasının heyətində 2 oyuna çıxıb.
Qeyd edək ki, "Proqres"lə ev oyunu iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Cavab oyunu isə iyulun 19-da Lüksemburqun "Düdelanj" stadionunda təşkil olunacaq.