"Qarabağ" və İtaliya "Verona"sı arasında qapıçı Nikolas Andradenin mümkün transferinə dair danışıqlar dalana dirənib.
Sportnet.az-ın məlumatına görə, bu barədə yerli mətbuata 30 yaşlı oyunçunun agenti Joao Santos açıqlama verib. O bildirib ki, Azərbaycan təmsilçisi braziliyalı qolkiper üçün 300 min avro təklif edib. Əvəzində "Verona" "sambaçı"nın gələcəkdə hər hansı kluba satışından vəsaitin yarısını istəyib. Hələlik "Qarabağ"ın bu şərtə "hə" demədiyini bildirilir.
Qeyd edək ki, Nikolas Andrade hazırkı komandasında əsas heyət uğrunda Marko Silvestri ilə mübarizə aparır. "Verona" 2017-2018 mövsümündə İtaliya A Seriyasında 19-cu yeri tutaraq, B Seriyasına enib. "Qarabağ" daha əvvəl B Seriyasından "Peskara"nın qapıçısı Vinçenzo Fyorilloya təklif ünvanlasa da, mənfi cavab alıb. Eyni zamanda Şotlandiya "Harts"ından Maklaflinin keçidi alınmayıb.