İspaniya Sequndasında çıxış edən "Alkorkon” klubu Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovla yollarını ayıracaq.
Sportnet.az "Marca”ya istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Kristobal Parralo 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlı deyil. Onunla yanaşı, hücumçu Asdrubal Padron da komandadan göndəriləcək.
Hər iki futbolçunun klubla 2020-ci ilə qədər müqaviləsi olsa da, onlarla sözləşmələrinə xitam verilmək üçün danışıq aparılacaq.
Qeyd edək ki, Eddi İsrafilov "Alkorkon”a yanvarda "Ximnastik”dən keçib. O, daha əvvəl İspaniyanın digər təmsilçiləri - "Kadis”, "Mursiya”, "Qranada”, "Eybar” və "Kordoba”nın formasını geyinib. Atası anqolalı, anası azərbaycanlı olan forvard 2015-ci ildən dəvət aldığı Azərbaycan millisində 8 oyuna çıxıb. Hazırlıq səviyyəsi yaxşı olmadığından, İsrafilov yığmanın son oyunlarına çağırılmayıb.