"Ötənilki çempionat maraqlı keçsə də, avrokubokdakı nəticələrdən razı qalmadım. Klublarımız Avropa Liqasına bir ay qalmış hazırlaşmağa başlayırlar. Bu prosesə qışdan start vermək lazımdır".
Sportnet.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün püşkatma mərasimindən əvvəl deyib.
R.Musayev yay fasiləsindəki dəyişiliklərin klublara mənfi təsir göstərdiyini vurğulayıb: "Buna rəğmən, reytinqdə iki pillə irəlilədik. Çalışırıq ki, haqq-ədalətin olduğu bir çempionat təşkil edək. İndiyə qədər ciddi bir problemimiz olmayıb. Yeni mövsümdə I divizion klublarının sayı az olduğu üçün əvəzedicilərlə birləşdirdik. Başqa reqlament və limitlə yeni çempionat keçirəcəyik. Bu layihənin də özünü doğruldacağına inanıram. Yerli oyunçu qıtlığl var, bu, danılmaz faktdır. Aşağı yaş qruplarında lazımı səviyyədə işlər getmir. Millinin baş məşqçisi Qurban Qurbanovla söhbətimizdə də bu məsələəri müzakirə edirik".
Musayev yeni yaradılan "Xan Lənkəran” klubunun I Divizionda buraxılamamasına da toxunub: "Yeni yaranan klubların bir başa I diviziona buraxılmaması məsələsini İcraiyyə Komitəsinin iclasında mən qaldırdım. Bəzən yeni klubların ömrü 2 ay olur. Çempionatın səviyyəsinin daha da düşməsini istəmirik. Görək, hələ Regional Liqada çıxış edə biləcəklərmi? Bu klubun sponsoru nəfər deyil. Bir nəfərdən olsaydı, diviziona qəbul edərdik. Şübhəli, müəmmalı məqamlar var ki, belə qərara gəlinib. "Binə” ötən il gəldi, indi də dağıldı. "Xan Lənkəran”dan heç bir təminat gəlməyib. Regional Liqada da az pul xərclənmir. Kim futbola pul yatırmaq istəyirsə, onun qarşısı alınmır”.