"Hesabı açdıq. Bundan sonra "Qarabağ” önə atılmağa başladı və bu da bizim işimizə yaradı”.
Sportnet.az xəbər verir ki, bunu Belarusun BATE komandasının baş məşqçisi Aleksey Baqa "Qarabağ” üzərində 1:0 hesablı qələbə qazandıqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
37 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Yekun nəticə komandaların gücünü göstərir?
- Demək çətindir. Hesabı açdıqdan sonra rəqib meydan sahibi kimi təzyiqi artırdı. Biz isə 2-ci qolu vurmaq istəyirdik. Oyunda hesabı açmağımız həlledici oldu.
- Karyeranız ərzində səfərdə qalib gəlib, mərhələ keçmədiyiniz olub?
- Allaha şükür, xatırlamıram. Ümid edirəm bundan sonra olmayacaq. Qarşıda hələ bir həftə var. Bizim üçün çətin olacaq. Komanda fiziki cəhətdən gərgin həftə keçdi.
- Bu gün analiz nəticəsində təxmin etdiyiniz "Qarabağ”ı gördünüz?
- Komandanın ötən mövsüm Çempionlar Liqasının təsnifat və qrup mərhələsindəki oyunlarını, eləcə də yoxlama matçlarını izləmişdik. "Qarabağ” yüksək texnikaya malik oyunçulardan qurulmuş bir komandadır. Bu gün təxmin etdiyimiz komandanı gördük.
- Oyunu PSV nümayəndələri də izləyirdi. BATE Çempionlar Liqasındakı növbəti rəqib üçün bütün kartlarını açdı?
- PSV nümayəndələrinin bu oyunda olması heç bir önəm daşımır. Çünki hələ Belarusda cavab matçı var. Onların bura gəlməsi "Qarabağ” və BATE-yə nə dərəcədə önəm verdiklərini göstərir. Həm "Qarabağ", həm də BATE artıq Avropada markadır.