Ukraynanın "Şaxtyor" komandasının baş məşqçisi Mirça Luçesku Rumıniya milli komandasına rəhbərlik edə bilər. Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, Rumıniya Futbol Federasiyası (FRF) Viktor Pitsurkanın istefasından sonra boşalan baş məşqçi postu üçün 69 yaşlı mütəxəssisi düşünür.
Luçesku 2004-cü ildən "Şaxtyor"un sükanı arxasındadır. Onun illik əmək haqqı 3,5 milyon avrodur. Yığmanın baş məşqçi postu isə Viktor Pitsurkanın Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna yollanmasından sonra boşalıb. Rumıniya millisi AVRO-2016-nın ilk 3 turunda 7 xal toplayıb.
FRF Luçeskuya mövsümün sonunadək millini də çalışdırması üçün 800 min avro və mükafat təklif edib. Ardından isə təcrübəli mütəxəssis klubdan ayrılaraq, yığmada işləməlidir. Baş məşqçinin bu təklifə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Donetskdəki məlum vəziyyətlə əlaqədar "Şaxtyor" ev oyunlarını Lvovda keçirir. Donetsk komandası son 5 ildə Ukrayna çempionu olsa da, bu mövsüm 9 turdan sonra 21 xal yığıb və lider "Dnepr"in 4 xal gerisində - 3-cü pillədə yer alıb.